İranda zəlzələdə ölənlərin sayı 400-ə, xəsarət alanların sayı isə 6 min nəfərə çatıb - FOTOLAR

İranda zəlzələdə ölənlərin sayı 400-ə, xəsarət alanların sayı isə 6 min nəfərə çatıb - FOTOLAR

GünAzTV: İranda baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 400, xəsarət alanların  sayı isə 6 min nəfərə çatıb. Bu barədə İran saytları məlumat yayıb.

 

İran Qızıl Aypara Cəmiyyətinin rəsmisi Şahin Fəthi noyabrın 13-də jurnalistlərə açıqlamasında bildirib ki, Kirmanşah əyalətinin Sərpol Zəhab şəhərində evlərin və yaşayış binaların yarısından çoxu zəlzələ nəticəsində dağılıb. O dağıntılar altında qalan insanların qurtarılması üçün geniş xilasetmə əməliyyatına başlanıldığını xatırladıb.

 

İran parlamentinin Kirmanşah şəhərindən seçilmiş deputatı Əhməd Səfiri isə jurnalistlərə açıqlamasında zəlzələ bölgəsində həkim, tibb bacısı, dava-dərman və ilkin tibbi yardımın qıtlığından gileylənib. O bildirib ki, zəlzələdən bir sutkaya yaxın bir vaxt keçməsinə baxmayaraq ətraf kəndlərin əhalisinin əksəriyyəti hələ də dağıntılar altındadır və sağ qalanlar boş əllərlə dağıtntıları aradan qaldırmağa və insanları qurtarmağa çalışır.

 

Zəlzələ nəticəsində Kirmanşah əyalətinin müxtəlif şəhərlərində, o cümlədən də Sərpol Zəhab şəhərində sualar kəsilib, qaz və elektrik xətləri sıradan çıxıb. Qeyd olunur ki, təbii fəlakət nəticəsində ev-eşiyini itirən əhalinin müvəqqəti məskunlaşaraq soyuqdan qorunması üçün bölgəyə çoxlu sayda çadır və ədyal göndərilib. Zəlzələdə ölən və xəsarət alanların sayının daha da artacağı təxmin edilir.

 

 

Xatırladaq ki, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Güclü zəlzələ həm də İraqda baş verib.

 

Amerikanın Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub. Zəlzələ nəticəsində, İranın Kirmanşah əyalətinin bir neçə şəhərində yüzlərlə evə ziyan dəyib, çoxlu dağıntılar əmələ gəlib. Yeraltı təkanların hələ də davam etdiyi bildirilir. Bildirilir ki, Zəlzələ, İranın Şərqi və Qərbi Azərbaycan, Həmədan, Kürdistan, Buşehr, Xuzistan və İlam əyalətlərində hiss olunub və həmin şəhərlərin əhalisi gecəni küçələrdə qalmaq məcburiyyətində qalıb.

 

 

Baş vermiş zəlzələ ilə bağlı Kirmanşah əyalətində 3 gün matəm elan edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN