İrandakı son etirazlarda qətlə yetirilən Puya Bəxtiyarinin qırx mərasimi ərəfəsində valideynləri həbs edilib

İrandakı son etirazlarda qətlə yetirilən Puya Bəxtiyarinin qırx mərasimi ərəfəsində valideynləri həbs edilib

GünazTV: İranda baş verən son kütləvi etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilən gənc aksiyaçı Puya Bəxtiyarinin qırx mərasimi ərəfəsində onun valideynləri və digər ailə üzvləri də həbs edilib.

 

Yayılan məlumata əsasən, İranın təhlükəsizlik qüvvələri dekabrın 23-ü axşam saatlarında Kərəcdə Puya Bəxtiyarinin atası Mənuçehr Bəxtiyari, anası Nahid Şirpişə və ailənin daha bir neçə üzvünü tutaraq naməlum istiqamətə aparıblar.

 

İki həftə əvvəldən başlayaraq əhalini oğlunun 26-da Kərəcin “Səkinə” qəbiristanlığında keçiriləcək qırx mərasimində iştiraka çağıran Mənuçehr Bəxtiyari son günlər jurnalistlərə açıqlamasında İranın təhlükəsizlik orqanlarının təzyiqinə məruz qaldığından danışmışdı.

 

O, günlər xanımı ilə birlikdə ETTELAAT-a çağırıldığını bildirirərək demişdi ki, oğlunun qırx mərasiminin ləğv olunması və ya kiçik və qapalı bir məkanda keçirilməsi ilə bağlı ona edilən təklifi rədd edib: “ETTELAAT idarəsində mənə təzyiq göstərərək dedilər ki, əvvəlcə öz mövqeyini bildir, sən rejimin sırasındasan, yoxsa ki düşmənin. Dedim ki, mən nə rejimin tərəfdarıyam, nə də düşmənin. Mən sadəcə olaraq xalqın tərəfdarıyam. Dedilər ki, gəl oğlunun qırx mərasimini qapalı bir məkanda keçir. Mən isə onların bu təklifini rədd edərək dedim ki, oğlumun qırx mərasiminə gələnlər çox olacaq, onlar kiçik bir məkana yerləşməyəcək, qorxunuz yoxdursa qırx mərasimi üçün Tehranın Azadlıq stadionunu bir günlüyə mənim ixtiyarıma verin” –deyə, Puya Bəxtiyarinin atası Mənuçehr Bəxtiyari əlavə etmişdi.

 

Qeyd edək ki, ötən ayda baş verən etirazların ikinci günündə Kərəcdə rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində başından aldığı güllə yarasından yerindəcə keçinən 27 yaşlı Puya Bəxtiyari, molla rejiminə qarşı davam edən etirazların bu mərhələsində xalq kütlələrinin dini hakimiyyətə qarşı apardığı dinc mübarizəsinin simvoluna çevrilib.

 

Həmçinin rejimin dinc etirazçılara qarşı törətdiyi qətliamların qırx mərasimini keçirmək üçün ölkə daxilində və xaricdə fəaliyyət göstərən yüzlərlə siyasi fəal və təşkilat xalqa müraciət edərək dekabrın 26-dan başlayaraq bir neçə günlüyə qətliamlarda həyatını itirən 1500-ə yaxın etirazçının qırx mərasimini keçirməyə çağırıb.

 

Bildirilir ki, qırx mərasimlərinin rejimə qarşı yeni etirazlara gətirib çıxaracağından vahiməyə düşən rejim başçıları son günlər ölkədə kütləvi həbsləri gücləndirməklə ölkə əhalisinin yeni etirazlara qatılmasının qarşısını almağa çalışırlar.

 

Puya Bəxtiyari atası Mənuçehr Bəxtiyari ilə birlikdə

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-ə yaxın günahsız insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 8600-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN