İrandakı zəlzələ qurbanlarının sayı artır. Ölənlərin sayı 445-ə, xəsarət alanların isə sayı 7370 nəfərə çatıb - FOTOLAR

İrandakı zəlzələ qurbanlarının sayı artır. Ölənlərin sayı 445-ə, xəsarət alanların isə sayı 7370 nəfərə çatıb - FOTOLAR

GunAzTV: İki gün əvvəl İranın Kirmanşah əyalətində baş verən 7,3 bal gücündə zəlzələ qurbanlarının sayı getdikcə artır.

 

İran mənbələrinin yaydığı xəbərdə bildirilir ki, son məlumata görə, təbii fəlakətdə ölənlərin sayı artıq 445 nəfəri, yaralıların sayı isə 7370 rəqəmini keçib. Ötən axşam Kirmanşah əyalətinin bir neçə məntəqəsində, o cümlədən də Qəsr Şirin və Sərpol Zəhab şəhərlərində bir neçə güclü təkan qeydə alınıb və noyabrın 14-ü sübh saatlarında Rixter cədvəli üzrə 4,1 bal gücündə yeraltı təkanlar Qəsr Şirin şəhərini yenidən silkələyib.

 

Bildirilir ki, iki gecədir açıq səma altında qalan zəlzələdən ziyan çəkənlərin bir qismi çadır, ədyal və qida ilə təmin edilsə də, xəsarət alan ətraf kəndlərin sakinləri ilkin yardımın onlara çatdırılmamasından əziyyət çəkir. Həmin kəndlərdə su və işıq tamamilə kəsilib və dağıntılar altında qalanların qurtarılması üçün ciddi bir iş görülmür.

 

Qeyd olunur ki, güclü zəlzələ Kirmanşah əyalətinin müxtəlif şəhər və kəndlərində ümumilikdə ən azı 12 min yaşayış evinin tamamilə dağılmasına səbəb olub.

 

 

Xatırladaq ki, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Güclü zəlzələ həm də İraqda baş verib.

 

Amerikanın Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub. Zəlzələ nəticəsində, İranın Kirmanşah əyalətinin bir neçə şəhərində minlərlə evə ziyan dəyib, çoxlu dağıntılar əmələ gəlib. Zəlzələ, İranın Şərqi və Qərbi Azərbaycan, Həmədan, Kürdistan, Buşehr, Xuzistan və İlam əyalətlərində hiss olunub. Baş vermiş zəlzələ ilə bağlı Kirmanşah əyalətində 3 gün matəm elan edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN