İranın baş prokuroru: “Təəssüf ki, ölkədə insan hüquqlarına riayət etmək üçün bəzi şəri qaydalar icra edilmir”

İranın baş prokuroru: “Təəssüf ki, ölkədə insan hüquqlarına riayət etmək üçün bəzi şəri qaydalar icra edilmir”

GünAz TV: İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin cinayət-axtarış polis idarələrinin oğurluqla mübarizə şöbələrinin rəhbərləri və müavinləri ilə görüşü zamanı beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarının pozulmasına görə qınanmamaq üçün bəzi “ilahi qanunlar”ın icra edilməməsindən təəssüf hissi keçirdiyini deyib.


İranda uzun illər ərzində oğurluq edən şəxslərin əlləri insanların gözləri qarşısında kəsilirdi. Bu isə daim beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid olunurdu.


Müntəziri tədbirdə çıxışı zamanı həmçinin vurğulayıb ki, “Quranda Allah qəti şəkildə oğurluq edən qadın və kişilərəlləri islam hüququnda nəzərdə tutulmuş şərtləri daşıdıqları təqdirdə, əllərinin kəsilməsi əmr edib”.


Onun sözlərinə görə, “İranın beynəlxalq ictimaiyyət tərəfindən şəri qanunları tətbiq etməyə görə təzyiqə məruz qalmaq və bu qanunlara qarşı kampaniya başladılmasından qorxması islam respublikasının ən böyük səhvlərindən biridir”.


İranın baş prokuroru ötən illə cari il ərzində ən çox törədilmiş cinayət növlərindən danışarkən ölkədə narkotik maddələrdən sonra oğurluğun 2-ci ən çox yayılmış cinayət olduğunu deyib.


Müntəziri oğurluğun artmasının səbəblərinin hazırda ölkədə hökm sürən ağır iqtisadi vəziyyət, işsizlik, iş yerləri və zavodların bağlanması, eləcə də digər bu kimi amillər olduğunu desə də, bu problemlərin həll edilməsi əvəzinə, oğurluq edən şəxslərin əllərinin kəsilməsi üçün “ilahi qanunlar”ın tətbiq edilməsini istəyib.


Qeyd edək ki, cinsi əlaqə, homoseksuallıq, dindən çıxma, spirtli içkilərin qəbulu, oğurluq və quldurluq hazırda İranda işgəncə verilərək cəza tətbiq edilən əsas “cinayət”lərdəndir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN