İranın cənub vilayətləri güclü yağıntılardan sonra indi də səhra çəyirtkələrinin hücumuna məruz qalıblar

İranın cənub vilayətləri güclü yağıntılardan sonra indi də səhra çəyirtkələrinin hücumuna məruz qalıblar

GünAz TV: Hörmüzqan Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Həmid Dövləti yağıntılı günlərdən sonra vilayətə çoxlu sayda səhra çəyirtkəsinin hücum etdiyini bildirib.

 

O, çəyirtkələrin təqribən vilayətin yarısından çoxunda yayıldığını deyib. Aprelin 14-də Afrika ölkələrində havaların isinməsi ilə eyni zamanda çəyirtkə balaları qanad çıxarıb, sonra Səudiyyə Ərəbistanı istiqamətində, oradan isə qidalanmaq üçün İrana axışıblar. Bəzi məlumatlarda canlıların ölkənin bütün cənub vilayətlərinə, Qeşam adasına və Bəlucistanın bir hissəsinə yayıldığı qeyd edilir. 

 

Həmid Dövlətinin sözlərinə görə, ziyanvericilərlə mübarizə istiqamətində zəruri addımlar atılsa da, onlar yumurta qoyduğundan, ölkənin qida təhlükəsizliyi böyük təhlükə ilə üz-üzədir. Bundan başqa, qarşıdakı günlərdə yenidən yağıntılı havalar proqnozlaşdırıldığına görə, yeni çəyirtkə dəstələri İrana üz tutacaqlar. Çəyirtkələrin uça bilməsi onlara vilayətin içərilərinə doğru, eləcə də bütün ölkə ərazisinə yayılması mümkündür.

 

Kənd Təsərrüfatı Təşkilatının rəhbəri ziyanvericilərin əkin sahələrinə yaxınlaşdığını və bunun həyəcan təbili olduğunu əlavə edib.

 

Qeyd etmək lazımdır ki, İranda dəniz çəyirtkəsi adlanan qeyd edilən canlılar yem, dənli bitkilər, tərəvəzlər, bəzi ağac növləri, meşə bitkilərindən başqa, hətta qarşılarına çıxan alaq otlarını da məhv edirlər. Onların İrana hücumu heyvandarlıq sahəsində də böyük zərərlərə səbəb olacaq.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN