İranın əmək naziri parlamentdə impiçment edilərək tutduğu vəzifədən kənarlaşdırılıb

İranın əmək naziri parlamentdə impiçment edilərək tutduğu vəzifədən kənarlaşdırılıb

GünAzTV: İranın kooperativlər, əmək və sosial rifah naziri Əli Rəbii avqustun 8-də parlamentdə impiçment edilərək deputatlar tərəfindən tutduğu vəzifədən kənarlaşdırılıb. Bu, onun son bir ildə 3-cü impiçmentidir.

 

Jurnalistlərin də qatıldığı parlamentin açıq iclasında gündəmə gətirilən impiçment prosesində, Əli Rəbiinin nazir postunda qalıb-qalmaması xüsusunda bir sıra deputatlar arasında qızğın mübahisələr və ixtilaflar yaranıb. İmpiçment tərəfdarı olan deputatlar, naziri səriştəsizlikdə, fəhlələrin ağır məişətinə laqeyd qalmaqda və öz fəaliyyətində bir sıra kobud səhvlərə yol verməkdə günahlandırıb.

 

Əli Rəbii, tribuna arxasına keçərək, nazir postunda göstərdiyi fəaliyyətini müdafiə etsə də, onun gətirdiyi arqumentlər deputatları qane etməyib və onun Həsən Ruhani kabinetində qalıb-qalmaması məsələsi səsverməyə çıxarılıb. 243 deputatın qatıldığı səsvermədə, 129 deputat nazirin əleyhinə, 111 nəfər lehinə səs verib, 3 deputat isə bitərəf qalıb. Bununla da Əli Rəbii kooperativlər, əmək və sosial rifah naziri postundan kənarlaşdırılıb.

 

 

Xatırladaq ki, Əli Rəbii avqustun 4-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiqinə başladığı yeni sanksiyalardan və bunun ölkənin bəzi sənaye sektorunun fəaliyyətinə göstərəcəyi mənfi təsirindən danışmışdı: “Amerikanın İrana qarşı tətbiq etmək istədiyi yeni sanksiyalar nəticəsində bu ilin sonuna qədər, yəni 2019-cu il, martın sonuna qədər ölkə və millətimiz ağır iqtisadi təzyiqlərlə üzləşəcək. Təxmin edilir ki, yeni sanksiyalar bu ilin sonuna qədər (yəni Novruz bayramına qədər) bəzi sənaye sektorunun fəaliyyətinin dayandırılmasına və ölkədə ən azı 1 milyon insanın işsiz qalmasına gətirib çıxaracaq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN