İranın gündəlik neft ixracatının həcmi yarıdan çox azalıb

İranın gündəlik neft ixracatının həcmi yarıdan çox azalıb

GünAzTV: İranın gündəlik neft ixracatının həcmi yarıdan çox azalaraq orta hesabla hər gün 1,1 milyon barelə endirlib. Bu barədə, “Röyters” agentliyi beynəlxalq gəmiçilik və sənaye mənbələrinin yaydığı statistik rəqəmlərə istinadən oktyabrın 10-da məlumat yayıb.

 

Yayılan məlumatda bildirilir ki, Amerikanın nüvə sazişindən (mayın 8-də) çıxmasından bir ay əvvəl, İranın gündəlik neft ixracatının həcmi 2,5 milyon barel idisə, bu rəqəm, ötən sentyabr ayında 1,6 milyon barelə, sonradan isə daha azalaraq 1,1 barelə enib.

 

İranın ixrac etdiyi neftin həcminin qarşıdan gələn həftələrdə azalıb-azalmayacağı barədə proqnoz vermək çətin olsa da, güman edilir ki, qarşıdan gələn noyabr ayında, yəni Amerikanın İran neftinə qoyduğu sanksiyanın icrasına başlanmasından sonra, İranın gündəlik neft ixracatının həcmi daha da azalaraq, 1 milyon bareldən aşağıya düşəcək.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika bildirir ki, İran neftinin ixracını sıfıra endirmək niyyətindədir.

 

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman oktyabrın 5-də “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, İran neftinin satışına məhdudiyyətlər tətbiq ediləcəyi təqdirdə, Səudiyyə Krallığı və onun tərəfdaşları müştərilərin neftlə bağlı bütün ehtiyaclarını təmin edəcək: “Amerika Səudiyyə Ərəbistanından və “OPEC” üzvü olan digər ölkələrdən xahiş edib ki, İran tərəfindən bazara çıxarılan neftin çatışmazlığını kompensasiya etsinlər. Biz isə İranın artıq ixrac edə bilməyəcəyi hər 1 barel neftinin yerinə 2 barel neft ixrac edəcək, bazarıın ehtiyacını tam təmin edəcəyik”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN