İranın Küveytdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Küveytdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

GünazTV: İranın Küvetdəki səfiri Məhəmməd İrani “Sepah” terror təşkilatının bir sıra rəsmilərinin son bəyanatından sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bu barədə, Küveytin rəsmi xəbər agentliyi yanvarın 24-də məlumat yayıb.

 

Məlumata əsasən, Küveytin xarici işlər nazirinin müavini Xalid əl-Carəllah İran səfiri ilə görüşdə, “Sepah” rəsmilərinin Qasım Süleymaninin öldürülməsi əməliyyatında Küveytin rol oynaması ilə bağlı irəli sürdüyü ittihamları rədd edib: “Qasım Süleymaninin öldürülməsi ilə bağlı keçirilən əməliyyatda guya Küveytin “Əli əl-Salim” hərbi bazasından istifadə edilməsi kimi təkrar ittihamların irəli sürülməsi qəbuledilməzdir.

 

Bu kimi əsassız ittihamların təkrar olunması bizim təəccübümüzə və narahatlığımıza səbəb olub. Hesab edirik ki, bu kimi bəyanatların səsləndirilməsi Küveytlə İran əlaqələrinə xələl gətirə bilər” -deyə,  Küveytin xarici işlər nazirinin müavini Xalid əl-Carəllah İran səfiri ilə görüşündə bəyan edib.

 

Qeyd edək ki, son günlər İran parlamentinin bəzi deputatları və bir sıra “Sepah” rəsmiləri bəyanatlar səsləndirərək, Küveytin “Əli əl-Salim” hərbi bazasını Qasım Süleymanini öldürmək əməliyyatında fəal iştirak etməkdə günahlandırmışdılar.

 

Həmçinin “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə isə yanvarın 22-də jurnalistlərə açıqlamasında eyni ittihamı təkrar edərək deyib ki, Qasım Süleymaniyə qarşı hərbi əməliyyat keçirən Amerikanın pilotsuz təyyarələri əsasən Küveytin “Əli əl-Salim” hərbi bazasından havaya qalxıblar.

 

 Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib. 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN