İranın Londondakı səfiri ölkə rəsmilərinin sözlərini təkzib edib: “Hələ ki, nüvə razılaşmasından çıxmaqla bağlı qərarımız yoxdur”

İranın Londondakı səfiri ölkə rəsmilərinin sözlərini təkzib edib: “Hələ ki, nüvə razılaşmasından çıxmaqla bağlı qərarımız yoxdur”

GünAz TV: İranın Birləşmiş Krallıqdakı səfiri Həmid Bəidinejad ölkə rəsmilərinin Avropaya verdiyi 60 günlük möhlətlə bağlı “BBC” radiosuna müsahibə verib.

 

Bu gün yayımlanan müsahibədə, o, 60 gün bitəndən sonra ölkəsinin nüvə razılaşması çərçivəsində davranacağını, hələ ki, bu razılaşmadan çıxmaqla bağlı qərarının olmadığını deyib.

 

“Bu 60 günlük müddət ərzində bəzi məsələlər effektiv şəkildə həll edilməsə, biz digər addımlar atacağıq və sizə söz verirəm ki, bu addımlar nüvə razılaşması çərçivəsində olacaq”- deyə səfir əlavə edib.

 

Həmid Bəidinejad həmçinin qeyd edib ki, ölkəsi hələlik razılaşmadan çıxmaqla bağlı qərar qəbul etməyib və bu məsələ gələcəkdə baxılması mümkün olan variantlardan biri ola bilər.

 

Qeyd etmək lazımdır ki, İran bir neçə gün öncə, Amerikanın nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündə razılaşma çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığını bəyan etmişdi. Məsələ ilə bağlı prezident Həsən Ruhani 3 Avropa ölkəsinə, yəni İngiltərə, Fransa və Almaniyaya 60 gün möhlət verərək, ölkəsinin iqtisadi maraqlarının təmin edilmədiyi təqdirdə, rəsmi Tehranın “nüvə razılaşması çərçivəsində uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətlərə əməl etməyəcəyini” demişdi.

 

İranın “Birgə Hərtərəfli Fəaliyyət Planınına (Bərcam-red.) Nəzarət Qərargahı”nın rəhbəri Abbas Əraqçi isə bildirmişdi ki, ölkəsi “nüvə razılaşmasından mərhələli şəkildə çıxmağı öz agendasına daxil edib”.

 

Avropa İttifaqı rəsmi Tehranın bu qərarına bildirdiyi münasibətdə razılaşmaya sadiq qaldığını və hər hansı bir  möhləti qəbul etmədiyini bəyan etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN