İranın məhkumlar üçün ölüm kamerasına çevrilən həbsxanaları; Minlərlə insan rejim tərəfindən həbsxanalarda öldürülüb

İranın məhkumlar üçün ölüm kamerasına çevrilən həbsxanaları; Minlərlə insan rejim tərəfindən həbsxanalarda öldürülüb

GünAz TV: 2018-ci ilin dekabr ayının əvvəllərində iranlı siyasi fəal Vəhid Səyyadi Nəsirinin təqribən 2 aylıq aclıq aksiyası nəticəsində ölməsi bir daha diqqətləri İran həbsxanalarında məhkumlara qarşı edilən zülmlərə yönəltdi. Məhkumlara işgəncə verərək öldürmək hələ 1979-cu ildə “islam inqilabı”nın qələbə çalması ilə İranda bu günki teokratik rejimin qurulmasının ilkin günlərindən başlanmışdı. İlkin dövrlərdə minlərlə insan müxtəlif səbəblərə görə işgəncələrə məruz qalaraq öldürülmüş, ya da edam edilmişdi. Bu işdə o dövr “İslam İnqilabı Məhkəmələri”nin rəhbəri, daha çox inqilab cəlladı kimi məşhur olan Sadiq Xalxalinin böyük “xidmətlər”i olmuşdu. O, məhkəmələrə rəhbərlik etdiyi dövrdə kişi və qadın məhkumları danışmağa vadar etmək üçün hətta onlara cinsi təcavüz etməyə də icazə vermişdi. Edamlar zamanı isə ifadə alınan zaman rejim əsgərləri tərəfindən zorlandıqdan sonra hamilə qalan qadınlara da rəhm edilmir, onlar bətnlərindəki uşaqlarla birlikdə edam edilirdilər.

 

Daha sonrakı dövrlərdə də İran rejimi tərəfindən bu cinayət aktları davam edib. Müxtəlif illərdə qondarma ittihamlarla tutulan bir çox insan məhkəmə qarşısına çıxarılmamışdan öncə həbsxanada məruz qaldıqları ağır işgəncələr nəticəsində öz həyatlarını itiriblər. Onlardan bir neçəsini təqdim edirik.

 

Vəhid Səyyadi Nəsiri: Vəhid sosial şəbəkələrdə mövcud rejimə qarşı siyasi fəaliyyət apardığına görə dəfələrlə “siyasi sistem əleyhinə təbliğat”, “müqəddəsləri təhqir etmək” və “dini lideri təhqir etmə” kimi qondarma ittihamlarla həbs edilmişdi.

 

O, sonuncu dəfə 2018-ci ilin iyul ayının sonları ETTELAT-ın Qum şöbəsi tərəfindən saxlanılmış “siyasi sistem əleyhinə təbliğat aparma” və “ali dini lideri təhqir etmə” kimi qondarma ittihamlarla həbs edilmişdi. Oktyabr ayının 16-da isə Vəhid Səyyadiyə həbsxanada ona “müqəddəsləri təhqir etdiyinə görə” yeni ciyanət işi açıldığı bildirilmişdi.

 

Bundan sonra o, Qum şəhər həbsxanasına köçürülüb, təhlükəli cinayətkarlar və narkomanlarla bir yerdə saxlanılırdı. Vəhid bütün bu qanunsuzluqlara etiraz əlaməti olaraq 2018-ci ilin oktyabr ayının 13-dən aclıq aksiyasına başlamışdı. O, 2 ay sürən aclıq aksiyasından sonra dekabr ayında ölmüşdü.

 

Kavus Seyid İmami- sosiologiya elmləri doktoru və ətraf mühit fəalı.

 

O da digər ətraf mühit aktivistləri kimi “casusluq”da ittiham edilərək, 2018-ci ilin yanvarın 14-də həbs edilmişdi. Fevralın 8-də isə onun həbsxanada “intihar” etdiyi barədə ailəsinə məlumat verilir.  Milli Məclis və digər nəzarət edici orqanların tələblərindən sonra “Sepah”ın Kəşfiyyat İdarəsi Kavus Seyid İmaminin saxlandığı kamerada quraşdırılmış kameralar vasitəsi ilə çəkilmiş “intihar” etdiyi iddia edilən anları göstərən videonu bu orqanlara təqdim etmişdi. Lakin “Sepah” bu kadrları zədələdiyindən, görüntülərdə nə baş verdiyi müşahidə edilmirdi. Bu isə onun “Sepah” tərəfindən həbsxanada öldürüldüyünü isbata yetirirdi.

 

Sina Qənbəri- İranda 2018-ci ilin əvvəllərində başlayan etirazlar zamanı həbs olunmuşdu. 23 yaşı olan bu gəncin Evin həbsxanasına aparıldıqdan sonra yanvarın 7-də onun ölüm xəbəri yayıldı. İran təhlükəsizlik qüvvələri və həbsxana rəhbərliyi Sinanın “intihar” etdiyini iddia etsələr də, İran Milli Məclisinin deputatı Əlirza Rəhimi bildirmişdi ki, “həbsxana rəhbərliyinin təqdim etdiyi Sina Qənbərinin intihar etdiyi anı göstərən video görüntülərdə intihar ilə bağlı heç bir görüntü yoxdur”.

 

Səttar Beheşti- bloqqerlik fəaliyyəti ilə məşğul olan, eyni zamanda fəhlə kimi çalışan Səttar Beheşti 2012-ci ilin oktyabrın 30-da İranın Kiber Cinayətkarlıqla Mübarizə Polisi tərəfindən “sosial şəbəkələrdə və facebookda milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə həbs edilmişdi. O, həmin ilin noyabrın ayının 3-də həbsxanada məruz qaldığı işgəncələr nəticəsində həyatını itirmişdi.

Hoda Sabir

Tədqiqatçı, jurnalist, elcə də milli və dini aktivist olan Hoda Sabir həm də nəşri dayandırılmış “İrane Farda” (Sabahın İranı-red.) jurnalının rəhbər şəxslərindən biri idi. O, Halə Səhabinin atası Abdullah Səhabinin dəfn mərasimi zamanı müəmmalı şəkildə ölməsinə etiraz əlaməti olaraq Evin həbsxanasında məhkumluq həyatı yaşadığı hada 12 iyun 2011-ci ildə aclıq aksiyasına start vermişdi. 21 gündən sonra vəziyyəti pisləşdiyindən, xəstəxanaya aparılarkən yolda ölmüşdü.

 

Bu şəxslər İran həbsxanalarında ölənlərdən yalnız kiçik bir qismdir. Bu sırada Ümidrza Mirsəyafi, İbrahim Lütfüllahi, Zəhra Bəni Yaqub, Əmir Hüseyn Hişmət Saran, Zəhra Kazımi, Kave Əzizpur və onlarla digər şəxsin adını çəkmək olar.

 

Bu qətllərin içərisində ən səs-küylüsü ikili- İran və Kanada vətəndaşlığı olan Zəhra Kazıminin ölümü idi. O, 11 iyul 2003-cü ildə Evin həbsxanası önündə siyasi məhbusların ailələrinin şəklin çəkən zaman ö dövr Tehran prokuroru işləyən Səid Murtuzəvinin göstərişi ilə həbs olunur. Bir neçə saatdan sonra Murtuzəvi və həbsxananın digər iki əməkdaşı tərəfindən ifadəsi alınarkən işgəncəyə məruz qalır. Həbs olunduğu günün səhəri həbsxanada ölür. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi onun ölümünün başına vurulan küt alət nəticəsində baş verdiyi barədə rəy verir.

 

Həmin dövrdə bu məsələ islahatçıların üstünlük təşkil etdiyi Milli Məclisdə İran məhkəmə sisteminin rəhbərliyinin də iştirak etdiyi plenar iclasda bir daha müzakirəyə çıxarıldı və Səid Murtuzəvi Zəhra Kazıminin ölümünə görə məsuliyyət daşıyan əsas şəxs kimi dəyərləndirildi.

 

Bu cinayət işi Kanada ilə İran arasında siyasi gərginlik yaratmaqla yanaşı, İranın öz vətəndaşlarına qarşı dövlət terroru törətdiyinə görə, beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanması ilə də nəticələndi. Lakin Zəhra Kazıminin qətli üzrə keçirilmiş məhkəmə prosesi zamanı İran Kəşfiyyat Nazirliyinin (ETTELAT) 42 yaşlı əməkdaşı Məhəmmədrza Əhmədi günahkar hesab edilsə də, onun apelyasiya şikayətindən sonra “günahı sübuta yetirilmədiyindən”, məhkəmənin çıxardığı bu hökm etibarsız hesab edilmişdi. Əhmədi isə azadlığa buraxılmışdı. Bununla da Zəhra Kazıminin qətl hadisəsi üzrə qaldırılmış cinayət işi qatillərin həbs edilmədən bağlandı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN