İranın Miyanqala bölgəsində quşların kütləvi şəkildə ölməsi davam edir- FOTO

İranın Miyanqala bölgəsində quşların kütləvi şəkildə ölməsi davam edir- FOTO

GünAz TV: Mazandaran əyalətinin Mianqala gölündə flaminqo da daxil olmaqla, müxtəlif quşların kütləvi şəkildə tələf olması barədə bir neçə gündür məlumatlar yayılır.

 

Artıq iki həftə ərzində 10-13 min arası əksəriyyəti flaminqo və qaşqaldaq növləri təşkil etməklə, quşun öldüyü bildirilir.

 

Göldə yaşayan quşların dəqiq sayı barədə məlumat yoxdur. Ölən quşların sayı onların cəsədlərinin sayılması əsasında məlum olub. İran mediası bu il bölgəyə 13 mindən çox quşun köçdüyünü bildirirlər.

 

İranın Ekologiya və Təbii Sərvətlər, eləcə də Heyvandarlıq Təşkilatları quşlar arasında kütləvi ölüm hallarının yaşanmasını “təbbi xəstəliklər, bakteriya və botulizm nəticəsində zəhərlənmə” ilə əlaqələndirirlər.

 

 

Lakin Ekologiya və Təbii Sərvətlər Təşkilatının sədr müavini hələ ki, ölüm hallarının sözügedən xəstəliklərlə bağlı olmasının öz təsdiqini tapmadığını, bu istiqamətdə daha dəqiq araşdırmaların aparılmasına ehtiyac duyulduğunu deyib.

 

Yerli ətraf mühit aktivistlərindən bəziləri isə bildirirlər ki, göldən ovçular, maldarlar və hətta Ekologiya Təşkilatının yerli şöbəsi faydalanır. Onların sözlərinə əsasən, həmin şəxslər bəzi hallarda bir-birləri ilə problemlər yaşayırlar və intiqam tədbiri kimi gölə zəhər tökürlər. Keçmişdə də bunun bariz nümunələrinin olduğunu deyən fəallar hazırda yaşanan kütləvi təlafatda qəsd amilinin olduğunu istisna etmədiklərini bildiriblər.

 

“İsna” xəbər agentliyi də yaydığı məlumatda qeyd edib ki, bəzi mütəxəssislər quşların misli görünməmiş şəkildə tələfatının gölün suyunun çirklənməsi və hələ ki, araşdırılan digər səbəblərlə bağlayırlar.

 

 

Ekologiya və Təbii Sərvətlər və Heyvandarlıq Təşkilatları ötən gün keçirdikləri iclasda ölüm hallarının səbəbinin müəyyənləşəcəyi müddətə qədər Mazandaran və Gülüstan əyalətlərində quş ovunun qadağan edilməsi ilə bağlı qərar qəbul ediblər.

 

 

Qeyd etmək lazımdır ki, Miyanqala Xəzər dənizinin cənub-şərqində yerləşən eyni adlı yarımdada qərarlaşıb. İran rejiminin etinasızlığı səbəbindən ölkənin müxtəlif bölgələrində, eləcə də Güney Azərbaycanın Urmiya gölü kimi nadir təbiət incisində ekoloji böhranlar yaşanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN