İranın səhiyyə naziri: “Hökumət Çinə uçuşları dayandırmaq qərarına gəlib”

İranın səhiyyə naziri: “Hökumət Çinə uçuşları dayandırmaq qərarına gəlib”

GünazTV: İranın səhiyyə naziri Səid Nəməki yanvarın 31-də yol və şəhərsalma, turizm və mədəni irs, daxili və xarici işlər nazirlərinin birgə qatıldığı fövqəladə iclasında çıxış edərək, yayılmaqda olan Corona virusundan və ölkədən Çinə uçuşların dayandırılmasından danışıb.

 

O bildirib ki, İran hökuməti müvəqqəti olaraq Çinə uçuşları dayandırmaq qərarına gəlib: “Çinə uçuşların dayandırılması müvəqqəti xarakter daşıyır və bu daimi bir qərar deyil. Sözsüz ki, vəziyyət və şərait dəyişən kimi, hökumətin yeni qərarını elan edəcəyik.

 

Hazırda Səhiyyə Nazirliyinin mütəxəssisləri istər qurudan, istərsə də dəniz və hava yollarından ölkəyə bütün giriş məntəqələrində vəziyyətə nəzarət edirlər və indiyə qədər Corona virusuna yoluxmuş kimsəyə rast gəlməyiblər.

 

Hökumət həmçinin Çinin Vuhan şəhərində təhsil alan 70 iranlı tələbənin özəl uçuşlarla ölkəyə qayıtması üçün tədbir nəzərə alıb. Bizdə olan məlumatlara əsasən bu tələbələrdən heç biri virusa yoluxmayıb. Lakin buna baxmayaraq, onlar ölkəyə qayıdandan sonra iki həftə karantində saxlanılacaq, tibbi müayinədən keçəcəklər” -deyə, İranın səhiyyə naziri Səid Nəməki bəyan edib.

 

Nazir, Çinə uçuşların konkret nə vaxtdan dayandırılacağını və iranlı tələbələrin dəqiq nə vaxt və hansı uçuşlarla ölkəyə qayıdacağını açıqlamayıb.

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN