İranın Səhiyyə Nazirliyi: “Ötən il ölkədə 100 min intihara cəhd hadisəsi qeydə alınıb”

İranın Səhiyyə Nazirliyi: “Ötən il ölkədə 100 min intihara cəhd hadisəsi qeydə alınıb”

GünazTV: İran Səhiyyə Nazirliyinin “İntiharların qarşısının alınması” proqramının məsulu Məryəm Abbasi Nejad sentyabrın 6-da mediaya açıqlamasında ölkə vətəndaşları arasında intiharların sayının artmasından danışıb.

 

O deyib ki, intihara cəhd göstərənlərin 82%-i həddindən artıq həb atmaqla öz həyatına qəsd edib: “Bizdə olan rəsmi statistik rəqəmlərə görə, ötən il ölkədə 100 min intihara cəhd hadisəsi qeydə alınıb. İntihara cəhd hadisələrinin az baş verdiyi əyalətlər Sistan-Bəlucistan və Cənubi Xorasan əyalətləridir. Ən çox intiharlar isə ölkənin 18 əyalətində, yəni İlam, Kohkiluye və Boyer Əhməd, Kirmanşah, Loristan, Gilan, Zəncan, Həmədan, Fars, Qəzvin, Şərqi Azərbaycan, Ərdəbil, Xuzistan, Mazandaran, Tehran, Buşehr, Kürdistan, Mərkəzi və Çarmahal Bəxtiyari əyalətlərində qeydə alınıb.

 

Statistik rəqəmlər həmçinin intihara cəhd hadisələrinin son dörd ildə getdikcə artığını göstərir. Belə ki, əgər əvvəllər hər 100 min insandan 94-ü intihara cəhd göstərirdisə, 2018-ci ildə bu rəqəm 125 nəfərə çatıb.

 

İntihar edənlərin yaş həddinə və onların təhsil səviyyəsinə gəlincə, özünə qəsd edənlərin 75%-i 15-34 yaş həddində olan gənclər, 50%-i isə evli olanlardır. Həmçinin intihara üz tutanların 53%-i orta məktəb səviyyəsində təhsil alan gənclərdir. Onların 73%-ini isə şəhər və ya şəhər ətrafındakı rayonların sakinləri təşkil edir” –deyə İranın Səhiyyə Nazirliyinin rəsmisi Məryəm Abbasi Nejad əlavə edib.

 

O,  ölkə vətəndaşlarını intihara sövq etdirən səbəblərinə toxunmasa da, bunun ölkədə yaşanan iqtisadi böhran, işsizlik, gələcəyə inamsızlıq, ictimai və siyasi azadlıqların olmaması, ümidsizlik  və bir sıra bu kimi səbəblərlə əlaqələndirildiyi bildirilir. 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN