İranın təhsil naziri: “2018-ci il etirazlarında həbs edilən bir neçə tələbəyə qarşı çıxarılmış məhkəmə hökmlərinin icrası dayandırılıb”

İranın təhsil naziri: “2018-ci il etirazlarında həbs edilən bir neçə tələbəyə qarşı çıxarılmış məhkəmə hökmlərinin icrası dayandırılıb”

GünAz TV: İranın Təhsil, Tədqiqat və Texnologiya naziri Mənsur Qulami 2017-ci ilin sonları 2018-ci ilin əvvəllərində keçirilmiş etiraz aksiyaları zamanı saxlanmış tələbələrdən 8 nəfərinin “əfv” olunduğunu və onların cəzalarının qalan müddətinin icrasının dayandırıldığını deyib.

 

Cari ilin avqust ayının sonlarında Tehran Universitetinin 500 tələbəsi Təhsil nazirinə məktub yazaraq, tələbə fəallara qarşı çıxarılmış hökmlərə etiraz etmişdilər. Məktubda sözügedən universitetin 12 tələbəsinə qarşı ümumilikdə 70 il həbs cəzası çıxarıldığı qeyd edilirdi.

 

Mənsur Qulami məktubla əlaqəli bildirib ki, tələbələrin vurğuladıqları məhkəmə hökmü, sadəcə olaraq, bir neçə tələbəyə qarşı çıxarılmış ibtidai məhkəmə qərarlarıdır.

 

“Bu ilin noyabr ayında keçirilən etirazlar zamanı isə heç bir tələbə cinayət törətməklə əlaqəli həbs edilməyib. Yalnız etirazlarda iştirak edən bir neçə tələbə saxlanmışdı, lakin hazırda onların hamısı azad ediliblər”, - deyə Təhsil naziri iddia edib.

 

Mənsur Qulaminin sözlərinin əksinə olaraq, İran Tələbə Birliyinin yaydığı məlumatda mülki geyimli təhlükəsizlik orqanların işçilərinin ambulanslardan istifadə etməklə, Tehran Universitetinə daxil olduğu və 40-50 tələbəni tutub, özləri ilə apardıqları deyilir.

 

Qulami sonda İranda tələbə məhbusun olmadığını, “müəyyən qrupların qərəzli olaraq ölkədə çoxlu sayda tələbənin tutulduğu barədə məlumatlar yaydıqlarını” iddia edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN