İranın Təhsil naziri: “Suriya məktəblərini bərpa etməyə hazırıq”

İranın Təhsil naziri: “Suriya məktəblərini bərpa etməyə hazırıq”

GünAz TV: İranın Təhsil naziri Möhsün Hacımirzayi ölkəsinin Suriyada vətəndaş müharibəsi nəticəsində dağılmış bütün təhsil müəssisələrini bərpa etməyə hazır olduğunu bəyan edib.

 

O, bu sözləri Suriyaya etdiyi səfər çərçivəsində Dəməşq hava limanında jurnalistlərin suallarına cavab verərkən deyib.

 

Nazir təyin edildikdən sonra ilk xarici səfərini Suriyaya edən Möhsün Hacımirzayi ölkəsinin yenidənqurma, inkişaf və modernləşdirmə sahəsində ötən illərdə böyük təcrübə qazandığını və bunu rəsmi Dəməşqlə bölüşməyə hazır olduğunu qeyd edib.

 

“İran və Suriyanın təhsil sahəsində ikitərəfli əlaqələri iki millət arasında islami müqavimət məktəbinin əsas bazası olan müştərək mədəniyyətin formalaşmasına yol açacaq”,- deyə Hacimirzayi əlavə edib.

 

İranın Təhsil naziri səfər çərçivəsində öz suriyalı həmkarı da daxil olmaqla, bu ölkənin bir neçə rəsmisi ilə görüş keçirib.

 

Qeyd etmək lazımdır ki, beynəlxalq staristikalara əsasən, rəsmi Tehran Suriyada vətəndaş münaqişəsi başlayandan Bəşər Əsəd rejimini hakimiyyətdə saxlamaq üçün hər il azı 15-20 milyard dollar vəsait xərcləyib. Hazırda İran daxilində iqtisadi vəziyyət ağır olsa da, Tehran rejimi öz vətəndaşlarının tələblərinə məhəl qoymayaraq, ölkə pullarını xarici dövlətlərdə xərcləməyə davam edir.

 

Son aylar ərzində İranda iqtisadi vəziyyət, əməkhaqlarının və təqaüdlərin verilməməsi, işsizlik, iş yerlərinin bağlanması və digər bu kimi səbəblərdən əhalinin müxtəlif təbəqələrindən olan insanların yüzlərlə etiraz aksiyası keçirilib. Lakin İran təhlükəsizlik qüvvələri həmin aksiyaları amansızcasına yatırmaqla, onların təşkilatçıları və iştirakçılarına uzun müddətli həbs cəzaları verib. Ölkə pullarını xarici ölkələrə sərf edən iranlı rəsmilər isə sanksiyaları bəhanə edərək, insanların tələblərini yerinə yetirmək əvəzinə, onları ağır vəziyyətə dözməyə çağırırlar.

 

2019-cu ilin noyabr ayında isə benzinin bahalaşdırılmasına qarşı keçirilən aksiyalarda İranın təhlükəsizlik qüvvələri 1500 nəfəri güllələyərək qətlə yetirmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN