İranın Turquzabad anbarında uran izləri tapılıb- FOTO

İranın Turquzabad anbarında uran izləri tapılıb- FOTO

GünAz TV: "Reuters" xəbər agentliyi adlarını açıqlamadığı 2 diplomata istinadən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Tehran yaxınlığında yerləşən Turquzabad anbarında uran izləri tapıldığı barədə məlumat yayıb.


MAGATE-nin yoxlamalarını yaxından izləyən həmin diplomatlar bildiriblər ki, qurum İrandan məsələ ilə bağlı açıqlama tələb edib. Rəsmi Tehran isə hələ ki, tapılan uran izləri ilə bağlı quruma heç bir izahat verə bilməyib.


Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu 2018-ci ilin sentyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyasının 73-cü sessiyasında "Google"dan xətirə ilə birlikdə "Turquzabad"da yerləşən tikilinin giriş qapısının üzərindəki yazını göstərərək, bunun İranın gizli nüvə anbarı olduğunu demişdi. O, həmçinin İsrailin bu məlumatları MAGATE-yə ötürdüyünü, lakin qurumun heç bir tədbir görmədiyini və öz müfəttişlərini araşdırmalar aparmaq üçün həmin bölgəyə ezam etmədiyini bildirmişdi. Netanyahu çıxışı zamanı sözügedən anbarın xalçayuma mərkəzinin yaxınlığında yerləşdirdiyini vurğulamışdı.

 


İsrailin baş naziri İranın anbarda 15 kiloqram uran gizlətdiyini və bu gizli fəaliyyətlərlə bağlı sənədi ölkəsinin ələ keçirməsindən sonra uranı digər gizli yerlərə daşıdığını demişdi. Rəsmi Tehran isə İsrailin dediklərini təkzib etmişdi.


Bundan başqa, rəsmi Tel-Əviv ötən il İranın gizli nüvə fəaliyyətini isbat edən minlərlə sənədi ələ keçirdiyini və onları İrandan çıxardığını bəyan etmişdi.


Diplomatlardan birinin "Reuters" agentliyinə dediklərinə görə, qeyd edilən anbardan tapılan uranın qatılığı aşağı səviyyədə olub. Yəni, onlar nüvə silahı əldə etmək üçün tələb edilən qatılığa malik olmayıb.


"Tapılmış uran barədə müxtəlif ehtimallar mövcuddur və İran özü də MAGATE-yə bununla bağlı açıqlama vermədiyindən, onun mənşəyini təyin etmək çətindir. Bu uranın 2015-ci il nüvə razılaşmasından öncə ya sonra orda mövcud olduğunu demək mümkünsüzdür"- deyə diplomat əlavə edib.


Qeyd etmək lazımdır ki, aşağı qatılığa malik uran nüvə yanacağı, yüksək qatılığa malik isə atom bombasının istehsalı üçün istifadə edilir.


Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müvəqqəti sədri Kornel Feruta ötən gün Tehrana etdiyi rəsmi səfər çərçivəsində İranın bir sıra rəsmilərilə görüş keçirib. Onun görüşlər zamanı Turquzabad barədə İrandan açıqlama tələb edib- etməməsiylə bağlı heç bir məlumat yoxdur.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN