İranın Xarici İşlər Nazirliyi ölkəyə qarşı mümkün hərbi hücumla bağlı Amerikaya xəbərdarlıq edib

İranın Xarici İşlər Nazirliyi ölkəyə qarşı mümkün hərbi hücumla bağlı Amerikaya xəbərdarlıq edib

GünazTV: İranın Xarici İşlər Nazirliyi sentyabrın 17-də ölkəyə qarşı mümkün hərbi hücumla bağlı Amerikaya xəbərdarlıq edib.

 

Bununla bağlı İranın rəsmi notası həmin gün Amerikanın İranda mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfirliyinə təqdim edilib. Rəsmi Notada deyilir ki, əgər Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi hücuma keçsə, islam respublikasının kəskin cavabı ilə qarşılanacaq: “Əgər Amerika İrana qarşı hansısa bir addım atsa, dərhal İranın kəskin cavabı ilə qarşılaşacaq və belə bir cavabın miqyası təhdidin mənşəyi ilə məhdudlaşdırılmayacaq” -deyə İranın İsveçrənin Tehrandakı səfirliyinə təqdim ediyi rəsmi notasında qeyd edilir.  

 

Sentyabrın 18-də isə İran prezidenti Həsən Ruhani jurnalistlərə açıqlamasında ölkəsinin Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumda rolu olduğunu təkzib edib. Ruhani deyib ki, hücumu “yəmənlilər” öz düşməninə cavab olaraq gerçəkləşdirib: “Bu günə qədər bizə maksimum iqtisadi təzyiq göstərirdilər. İndi isə maksimum böhtana keçərək bizi Səudiyyə Ərəbistanının neft şirkəti olan Aramco-ya hücumda günahlandırırlar. Bunlar isə boş söhbətlərdir və bizə qarşı  əsassız ittihamlardır.

 

Yəmənlilər məktəb, xəstəxana və ya bazarı hədəfə almayıblar. Onlar öz düşmənlərinə xəbərdarlıq bildirmək üçün bir sənaye mərkəzinə hücum ediblər ” -deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN