İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 48 nəfərə çatıb

İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 48 nəfərə çatıb

GünazTV: İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 48 nəfərə çatıb.

 

Bu barədə, Əhvazın Condişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur martın 13-də mediaya açıqlama verib.

 

O bildirib ki, son bir sutka ərzində əyalətdə koronavirusdan qorunmaq üçün saxta spirtə pənah aparanlardan daha 11 nəfəri həyatını itirib: “Bununla da təəssüflər olsun ki, son altı gündə saxta spirtdən zəhərlənmə səbəbi ilə əyalətin müxtəlif bölgələrində, o cümlədən də Əhvazda tibb mərkəzlərinə müraciət edən 594 nəfərdən 48-i öz həyatlarını itiriblər” – deyə, Əhvazın Condişapur Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur əlavə edib.

 

Həmin gün, Şirazın Tibb Elmləri Universitetinin rəsmisi Əli Əkbəri də jurnalistlərə açıqlamasında ötən bir sutkada Fars əyalətində daha 6 nəfərin saxta spirtdən öldüyünü bildirib: “Təəssüflər olsun ki, son bir sutkada Fars əyalətinin müxtəlif şəhərlərində və Şirazda saxta spirtdən zəhərlənən 90 nəfər tibb mərkəzlərinə müraciət edib və onlardan 6-sı səhhəti ağır olduğundan həyatını itirib.

 

Bir daha xəbərdarlıq edərək bildiririk ki, alkoqollu içkilərin koronavirus təhlükəsinin qarşısını alması ilə bağlı cəmiyyətdə yayılan şayiələr yalan və əsassızdır. Məhz buna görə də, hesab edirik ki, vətəndaşlar yalnız həkimlərin və tibbi ekspertlərin tövsiyələrinə önəm verməli, onların tapşırıqlarına əməl etməlidirlər” -deyə, Şirazın Tibb Elmləri Universitetinin rəsmisi Əli Əkbəri bəyan edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 13-də bəyanat yayaraq, ölkədə koronavirusa yoluxanların sayının 11 min 364 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 514 nəfərə yüksəldiyini bildirib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN