İranla Almaniya arasında məhbus mübadiləsi olub- Amerika sanksiyalarını pozmaqda ittiham edilən İbrahim Xəlili azad edilib

İranla Almaniya arasında məhbus mübadiləsi olub- Amerika sanksiyalarını pozmaqda ittiham edilən İbrahim Xəlili azad edilib

GünAz TV: İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli fevralın 16-da Almaniya tərəfindən azad edilən iranlı məhkum İbrahim Xəlilinin İranda həbsdə olan almaniyalı ilə mübadilə edildiyini deyib.

 

Bu gün mətbuat konfransı keçirən sözçü məhkumluq həyatı yaşayan Almaniya vətəndaşı ilə bağlı detalları açıqlamayıb, yalnız bildirib ki, həmin şəxs qadağan olan məkanın fotosunu çəkdiyi üçün 3 il həbs cəzası alıbmış.

 

Qulamhüseyn İsmayıli alman məhkumun fevralın 17-də azadlığa buraxıldığını qeyd edib.

 

Xatırladaq ki, ötən gün Abbas Musəvi keçirdiyi mətbuat konfransında Amerika sanksiyaları pozduğuna görə Almaniyada həbs edilən İran Vətəndaşı İbrahim Xəlilinin azadlığa buraxıldığı və ölkəsinə qayıtdığını demişdi.

 

Musəvi iddia etmişdi ki, Xəlili Amerika Prokurorluğunun “istəyi ilə həbs edilmişdi” və bu ölkəyə ekstradisiya olunmalı idi. Sözçü Xəlilinin fəaliyyətləri barədə heç bir açıqlama verməmişdi.

 

Xəlilinin uzun illərdir hərbi ləvazimatlar və təyyarə alışı sahəsində çalışdığı barədə məlumatlar var. O, 2011-ci ilin may ayında İspaniyada hərbi ləvazimatlar alarkən həbs edilmişdi. Həmin vaxt “Sepah”ın media orqanları onun “İran Müdafiə Nazirliyinin hərbi ləvazimatların alışı üzrə məsul şəxsi” olduğunu iddia etmişdilər.

 

Xəlili 2012-ci ilin fevral ayında 30 min avro mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa çıxmışdı və bundan sonra İspaniyada ona qarşı başladılmış cinayət işinin gedişatı barədə heç bir məlumat yayılmamışdı. Xəlilinin Almaniyada ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalarını pozmaq istiqamətində göstərdiyi fəaliyyətlərlə bağlı isə bu günə qədər heç bir məlumat yayılmayıb.

 

Qeyd etmək lazımdır ki, İran hər zaman özünün xarici ölkələrdə həbs edilmiş agentlərini azad etmək üçün girov götürmə siyasəti yürüdür. Belə ki, rejimin təhlükəsizlik orqanları İrana turist kimi səfər edən xarici ölkə vətəndaşlarını qondarma ittihamlarla həbs edir, daha sonra onlardan ya siyasi sövdələşmələr, ya da ki, məhbus mübadiləsində girov kimi istifadə edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN