İranla Rusiyanın Suriya limanları uğrunda rəqabəti kəskinləşir

İranla Rusiyanın Suriya limanları uğrunda rəqabəti kəskinləşir

GünAz TV: Rusiyanın “Nezavisimaya Gazeta” qəzeti rəsmi Moskvanın Suriyanın Baniyas şəhərinin İranın hərbi bazasına çevrilməsindən narahatlığını ifadə edən məqalə dərc edib.

 

Qəzetin adının açıqlanmasını istəməyən rus diplomata istinadən verdiyi məlumata görə, Kremlin gələcəkdə İranın bu şəhərdən öz hərbi məqsədləri üçün istifadə edə biləcəyindən narahatdır.

 

Rus diplomatın qəzetə dediklərinə əsasən, İranın Rusiyanın Tatus limanındakı dəniz bazası ilə Xmeymim aviabazası arasında hərbi baza qurması uzunmüddətli problemlərə yol aça bilər.

 

O əlavə edib ki, hazırda yalnız strategiyalarda müəyyən qədər ortaq fikir olmasına baxmayaraq, Moskva ilə İran arasında bir çox məsələlərdə böyük ixtilaflar hökm sürür.

 

Mövcud məlumatlarda Suriyanın Əl-Laziqiyyə limanının hazırda İranın əlində olduğu və oktyabr ayında faktiki olaraq onun idarəsini tamamilə öz nəzarətinə alacağı gözlənilir. Baniyas limanı da İranın nəzarətinə verilsə, bu artıq Suriyada İranın istifadəsində olacaq 2-ci liman olacaqhansı ki, bu ölkənin ümumilikdə 3 limanı var: Əl-Laziqiyyə, Baniyas və Tartus.

 

Baniyas limanı strateji baxımdan da əhəmiyyətli bölgədə yerləşir. Belə ki, liman Rusiyanın istifadəsində olan Tartus dəniz limanı və Xmeymim aviabazası arasında yerləşir. Bundan başqa, İraqdan bu limana neft kəməri mövcuddur. Buna görə də, ekspertlər düşünür ki, İran Baniyas limanı vasitəsilə Amerika sanksiyalarını pozmağa və öz neftini buradan digər ölkələrin nefti adı altında satmağa çalışacaq.

 

Digər rus diplomatının “Nezavisimaya Gazeta”ya dediklərinə görə, İranın bu limana nəzarəti ələ almağa çalışması regionda sülh və sabitliyi təhlükə altında qoyur.

 

Qeyd edək ki, son aylar ərzində Rusiya ilə İran arasında soyuq münasibətlər müşahidə edilir. Hətta Amerikanın körfəzə təyyarə daşıyan gəmi və bombardımançılar göndərməsi ilə ABŞ və İran arasında müharibə riskinin artdığı bir vaxtda rəsmi Moskva silahlı qarşıdurma yaşanarsa, ona hərbi müdaxilə etməyəcəyini bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN