İranlı axund: “1988-ci ildə Xomeyninin əmri ilə ölkə zindanlarında edamları həyata keçirənlərə medal verilməlidir”

İranlı axund: “1988-ci ildə Xomeyninin əmri ilə ölkə zindanlarında edamları həyata keçirənlərə medal verilməlidir”

GünAzTV: Tehran cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi iyulun 21-də namaz xütbəsindəki çıxışında 1988-ci ildə ölkə zindanlarında siyasi məhbusların kütləvi qətliamından danışaraq, Xomeyninin hökmü ilə həmin edamları həyata keçirənlərə dəstək verib. 

 

Axund bildirib ki, 1988-ci ildə Ruhullah Xomeyninin edamlarla bağlı hökmünü ölkə zindanlarında həyata keçirənlər, rejimə qarşı çıxan “Münafiq”lərin, (Xalq Mücahidləri Təşkilatı üzvlərinin) hakimiyyətə qarşı təhlükəsini birdəfəlik aradan qaldırıblar: “Münafiqlərə qarşı tədbir görmək və onların kökünü kəsmək, mərhum İmamın (Xomeyni) gördüyü dəyərli işlərdən biri idi. Elə buna görə də hesab edirəm ki, İmamın (Xomeyninin) bu barədə hökmünü icra edənlərə medal verilməli, onların bu işi yüksək qiymətləndirilməlidir”.

 

Bununla da axund Xatəmi, adlarını çəkmədən , kütləvi edamları həyata keçirən məşhur “Ölüm heyəti”nin üzvlərinə (İbrahim Rəisi və Mustafa Purməhəmmədiyə və başqalarına) dəstək verib.

 

1988-ci ildə 8 illik İran-İraq savaşına son qoyulması məqsədilə BMT-nin 598- nömrəli qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub çıxan molla rejimi, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığılmaz cinayət planını həyata keçirib. Belə ki, o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və hökmü ilə bir “Ölüm heyəti” yaradılıb. Heyətin isə 4 üzvü olub:- Şəriət hakimi Hüseynəli Nəyyiri, ölkə prokuroru Murtuza İşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədi. Xomeyninin hökmü ilə həmin heyətə ölkə zindanlarında saxlanılan,  siyasi əqidə və görüşünə sadiq qaldığını bildirən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.

 

Bunun ardınca həbsxanaların qapıları 2-3 ay müddətinə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar (xalq mücahidləri və kommunistlər) “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. Cəmi bir neçə dəqiqə sürən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinə sadiq qalıb-qalmaması müəyyən edilib. Nəticədə tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. Bununla da iyul, avqust və sentyabr aylarında minlərlə günahsız məhbus, gülləbaran edilib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınları vasitəsilə şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə dəfn edilib.

 

“Ölüm heyəti”nin o vaxtkı 28 yaşlı başçısı, son prezidentliyə namizəd, İbrahim Rəisi, digər üzvlərindən biri isə, İranın indiki ədliyyə naziri axund Mustafa Purməhəmmədi olub.

 

Ayətullah Hüseynəli Müntəziri

 

Xatırladaq ki, Ruhullah Xomeyninin ilk canişini, ayətullah Hüseynəli Müntəzirinin oğlu, Əhməd Müntəziri, 2016-cı il, avqustun 12-də atasının 1988-ci ildə ölkə zindanlarında həbsini çəkən minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamına etiraz bildirən səs yazısını yayıb. 40 dəqiqəlik səs yazısında Müntəziri “Ölüm heyəti”nin başçısı İbrahim Rəisi və onun digər gənc üzvləri ilə üz-üzə söhbətdə onlara törətdikləri cinayətə görə kəskin etirazını bildirib: “İran İslam Respublikasında baş vermiş ən böyük cinayət, sizin əllərinizlə həyata keçirilmiş bu edamlardır. Bilin ki, bu edamlara görə tarix bizi məhkum edəcək və gələcəkdə tarix sizi cinayətkar kimi xatırlayacaq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN