İranlı axund: “Cavan qızları tuthatut yolu ilə tərbiyə etmək mümkün deyil”

İranlı axund: “Cavan qızları tuthatut yolu ilə tərbiyə etmək mümkün deyil”

GünazTV: Qum dini dairəsinin axundu, Müdərrislər Camiəsi Ali Şurasının rəisi Məhəmməd Yəzdi martın 17-də jurnalistlərə açıqlamasında hicabına riayət etməyən gənc xanımlardan və hökumətin onlara qarşı münasibətindən danışıb.

 

Öz açıqlamasında hökumətin qadınlara qarşı apardığı repressiya siyasətinin iflasa uğradığını etiraf edən axund Yəzdi bildirib ki, əgər islam respublikası gənc qızlar arasında hicabı yaymaq istəyirsə, bu günə qədər hicabla bağlı yürütdüyü siyasətinə yenidən baxmalıdır: “Artıq cavan qızları yalnız tuthatutla, həbs edib zindana salmaqla tərbiyə etmək, onları hicaba doğru çəkmək mümkün deyil. Hesab edirəm ki, əgər biz hicabsızlıq probleminin köklü şəkildə aradan qaldırılmasını istəyiriksə, xanımlar arasında hicabın təbliğinə önəm verməliyik. Bu təbliğat, həm də ailələr daxilində aparılmalıdır.

 

Bu gün düşmənlərimiz, ölkə qadınları arasında, xüsusən də cavan qızlar arasında yeni geyim üslub və tərzini təbliğ edir, Qərb geyim tərzinin cəmiyyətimizdə yayılmasına çalışırlar. Bunun isə qarşısı alınmalıdır”.

 

Qeyd edək ki, son vaxtlar iranlı qadınların molla rejiminin məcburi hicab siyasətinə qarşı etirazı geniş vüsət alıb. İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

 

Xatırladaq ki, son il yarımda   İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örtüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 50-yə yaxın qadın həbs edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN