İranlı axund, dini azlıqlardan olan vətəndaşların şəhər və kənd şuralarına namizədliyinin ləğv edilməsini tələb edib

İranlı axund, dini azlıqlardan olan vətəndaşların şəhər və kənd şuralarına namizədliyinin ləğv edilməsini tələb edib

GünAzTV: İranda Konstitusiyaya Nəzarət Şurasının rəhbəri, axund Əhməd Cənnəti, quruma tabe orqanlara məktub yazaraq ölkənin qeyri-müsəlman vətəndaşlarının qarşıdan gələn bələdiyyə seçkilərində şəhər və kənd şuralarına namizədliyinin ləğv edilməsini tələb edib.

 

Aprelin 15-də yazdığı məktubunda, axund Cənnəti ölkə konstitusiyasına və rəhbərlik etdiyi qurumun daxili qanununun 19-cu və 21-ci bəndlərinə istinad edərək bildirib ki, dini azlıqlardan olanların bələdiyyə seçkilərinə qatılmasının və onların şəhər və kənd şuralarına namizədliyini irəli sürməsinin qarşısı alınmalıdır: “İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin nəzərinə görə, qeyri-müsəlman olan şəxs, müsəlmana hakim ola bilməz. Lakin buna baxmayaraq, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən və əhalisi ölkənin rəsmi məzhəbinə (şiəlik) tabe olan bölgələrdə dini azlıqlardan olan qeyri-müsəlman şəxslər özlərini şəhər və kənd şuralarına namizəd ediblər. Bu isə, hakim şəriət qanunlarına ziddi olduğuna görə yolverilməzdir”.

 

Qeyd edək ki, İran Konstitusiyasında ölkənin rəsmi məzhəbi sayılan şiəlikdən başqa, daha üç din, yəni xristianlıq, yəhidilik və zərdüştilik rəsmi din kimi tanınır. Lakin buna baxmayaraq dini azlıqlardan olanların rəsmi dövlət qurumlarında işləməsi və vəzifə tutması qadağandır. Həmçinin ölkə əhalisinin 25 faizindən çoxunu təşkil edən sünni müsəlmanlara da eyni məhdudiyyətlər və qadağalar tətbiq edilir. Bu arada, bəhai dini tamamilə qadağandır və İran Ana Yasası tərəfindən din kimi tanınmadığına görə, bəhailər həmişə ayrı-seçkiliyə, təqib və təzyiqlərə məruz qoyulurlar.

 

İranda bələdiyyə seçkiləri (şəhər və kənd şuralarına seçkilər) 2017-ci il, mayın 19-da prezident seçkiləri ilə eyni vaxtda keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN