İranlı axund: “Əgər yaxşı qonşular olsanız, güclü İran, sizin təhlükəsizliyinizin qorunub saxlanılmasına yardım edəcək”

İranlı axund: “Əgər yaxşı qonşular olsanız, güclü İran, sizin təhlükəsizliyinizin qorunub saxlanılmasına yardım edəcək”

GünAzTV: Martın 3-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi, namaz xütbəsindəki çıxışında ölkədə növbəti prezident seçkilərindən, prezidentliyə namizədliyini irəli sürənlərdən, regiondakı vəziyyətdən, Amerika və Sudiyyə Ərəbistanından və İranın qonşularından danışıb.

 

Əhməd Xatəmi bildirib ki, “düşmən” növbəti prezident seçkilərində çaxnaşma yaratmaq niyyətindədir və namizədlər bunu nəzərə alaraq öz seçki təbliğatlarında islam və inqilab dəyərlərinə qarşı çıxmamalı, ona riayət etməli, düşmənin əlinə bəhanə verməməlidir: “Seçkilər prosesi və ondakı atmosfer nifaqdan uzaq qalmalı, namizədlər isə buna riayət etməlidir. Əgər bəzi namizədlər nifaqa üz tutub ölkənin bəzi milli azlıqlarını dəstəkləmək yolu ilə onların səsini qazanmağa çalışsa, onların qazanacağı səsin heç bir dəyəri olmayacaq.

 

Düşmən çoxdandır İranofobiyadan dəm vurur. Son vaxtlar isə Amerikada yeni prezident təyin ediləndən sonra, onlar bir ölkədən digər bir ölkəyə səfər edərək İrana qarşı təbliğat aparırlar. Son günlər isə Səudiyyə Ərəbistanının cəllad kralı Malayziyaya səfər edərək bu ölkədə İrana qarşı bəyanatlar səsləndirib.

 

Biz üzümüzü öz qonşularımıza tutub deyirik:- İran sizin güclü qardaşınızdır. Yaxşısı budur ki, bu qardaşın qədrini biləsiniz. Siz Səddam Hüseynin aqibətindən ibrət dərsi almalısınız. Çünki düşmən sizdən Səddam Hüseyn kimi istifadə etməyə çalışacaq və hədəfinə çatandan sonra sizi də ovcunda əzib qırağa atacaq. Lakin əgər siz yaxşı qonşular olsanız, güclü İran, sizin sabitliyinizin və təhlükəsizliyinizin qorunub saxlanılması uğrunda hərəkət edə, buna yardım edəcək.

 

Amerikalılar və qərblilər sizin ölkələrinizi parçalamaq niyyətindədir. Onlar dəfələrlə bildiriblər ki, İraq parçalanmalıdır. Əgər onlar güc tapsalar, sabah da qəti şəkildə sizin sorağınıza gəlib ölkələrinizi parçalamağa cəhd göstərəcəklər. Bilin ki, əgər İranın gücü və qüdrəti olmasaydı, region ölkələrinin bəziləri çoxdan parçalanmışdı.

 

İran İslam Respublikası bu günə qədər bütün bu fitnə və intriqaların qarşısında dayanıb. Hesab edirik ki, müsəlman ölkələrinin birliyi qorunub saxlanılmalıdır. Biz qonşularımıza lazım olanları dedik. Onların bunlardan nəticə çıxarması və ya bu sözlərdən inciməsi isə onların öz işidir”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN