İranlı axund: “Rəhbər icazə versə, “Sepah” Tel-Əvivi yerlə yeksan edər”

İranlı axund: “Rəhbər icazə versə, “Sepah” Tel-Əvivi yerlə yeksan edər”

GünazTV: Tehranın cümə namazının dönəm başqanı axund Məhəmmədəli Müvəhhidi Kirmani aprelin 12-də namaz xütbələrindəki çıxışında Amerikanın “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsindən danışaraq, İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

 

“Sepah”ın hərbi geyimində çıxış edən axund Müvəhhidi Kirmani Amerika prezidentinə qarşı təhqir dolu ifadələr işlədərək deyib ki, Trampın “Sepah”ı terrorçu təşkilatlar siyahısına salması beynəlxalq qanun və normalara zidd addımdır: “Hesab edirik ki, bir ölkənin hərbi sisteminin mühüm hissəsi sayılan bir qurumu terrorçu qruplar siyahısına daxil etmək bütün beynəlxalq qanunlara zidd addımdır. Mən bilmirəm bu axmaq Tramp nə bacarır və bununla nə etmək istəyir. Bundan başqa bir çox ölkələr Trampın bu işini sual altına alaraq, onun bu addımının Orta Şərqdə vəziyyətin daha da mürəkkəbləşdirilməsinə gətirib çıxaracağı qənaətindədirlər.

 

Həmçinin, bəzi amerikalı təhlilçilər də hesab edirlər ki, bu təhlükəli addım, bölgədə olan amerikalı əsgərlərin həyatını təhlükəyə salacaq. Bu gün dünya əhalisinə, o cümlədən də region millətlərinə sübut olub ki, terrorizmin anası Amerikadır. Biz sözlə, Amerika bu addımı ilə İran İslam Respublikasını hədəfə alıb. Amerikalılar öz xam xəyallarında bizim sistemi daxildən çökdürməyə çalışırlar. Bu isə boş xəyaldan başqa bir şey deyil.

 

Mən isə üzümü ABŞ prezidentinə tutub deyirəm: Ey bədbəxt Tramp. Sən hələ “Sepah”ı yaxşı tanımamısan. “Sepah” dağ kimi dayanıb islam inqilabının nailiyyətlərini qoruyur, xalqa xidmət edir. Sən ey Tramp, şirin quyruğu ilə oynama. Çünki əgər ölkənin dini lideri icazə versə, “Sepah” özünün raket gücü ilə Tel-Əvivi yerlə yeksan edər” – deyə axund Müvəhhidi Kirmani əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN