İranlı axund: “Yeni nəsil artıq bizi istəmir”

İranlı axund: “Yeni nəsil artıq bizi istəmir”

GünAzTV: İranda cümə namazı qərargahının rəisi axund Möhsün Qəraəti dekabrın 16-da Kirman şəhərində keçirilən bir tədbirdə çıxış edərək, yeni nəslin ruhanilərdən və dini imandan uzaqlaşmasından gileylənib.

 

Axund bildirib ki, ruhanilərin hakimiyyəti dövründə doğulan, boya-başa çatan və yetişən gənclər artıq əvvəlki nəsillə müqayisədə ruhanilərə maraq göstərmir, dinə və məzhəbə biganə yanaşırlar: “Bizlərdən bəzilərinin islamdan düzgün dərki və anlayışı yoxdur. İslamda kimdənsə boş-boşuna şübhələnmək haramdır. Halbuki, bizlərin bir çoxu heç bir xeyri və faydası olmayan məsələlərdə dini alverə çevirir, haqqı nahaqqın, nahaqqı isə haqqın yerinə qoyuruq. Əgər kiminsə siyasi xətti bizimkindən fərqlidirsə, bu həmin şəxsin fasiq, təqvasız və pozqun olması anlamına gəlməməlidir.

 

Təəssüflər olsun ki, biz dünyəvi ləzzətlərin aludəçisi olmuşuq. Halbuki bütün işlər və əməllər Allah üçün olmalıdır. Bilin ki, rəftar və davranışımıza yenidən baxmasaq, gec-tez pərdələr düşəcək və hamıya bəlli olacaq ki, bütün iddialarımıza baxmayaraq, bu günə qədər etdiklərimiz və apardığımız təbliğatların hamısı boşdur.

 

Yazıqlar olsun ki, bu gün yeni nəslin əksəriyyəti artıq bizə maraq göstərmir, bizi istəmir. “Quran”da deyilir ki, Allah iman əhli olanların sevgisini insanların ürəyinə salar. Elə buna görə də, əgər bu gün xalqın bizi sevmədiyinin şahidi oluruqsa, bu o deməkdir ki, bizim rəftar və davranışımız əməli-saleh deyil. Məhz buna görə də düşünürəm ki, biz (ruhanilər) öz rəftar və əməllərimizə yenidən baxmalıyıq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN