İranlı deputat: “Əgər hicab haqda referendum keçirilsə, ölkə əhalisinin əksəriyyəti hicabın lehinə səs verəcək”

İranlı deputat: “Əgər hicab haqda referendum keçirilsə, ölkə əhalisinin əksəriyyəti hicabın lehinə səs verəcək”

GünAzTV: İran parlamenti sədrinin canişini Əli Mütəhhəri yanvarın 7-də Tehranda Mədəni Araşdırmalar və Humanitar Elmlər Mərkəzində “hicab” mövzusu ilə bağlı keçirilən tədbirdə çıxış edərək, ölkədə hicabla bağlı gülünc bir iddia irəli sürüb.

 

Mütəhhəri bildirib ki, qadınların geyimlə bağlı sərbəst seçim haqlarının məhdudlaşdırılmasına edilən bütün etirazlara baxmayaraq, İran İslam Respublikasında hicab məcburi deyil: “Şəxsən düşünürəm ki, bizdə məcburi hicab yoxdur. Çünki cəmiyyətdə hicabın müəyyən bir forması hakim deyil. Əgər biz hicabın müəyyən bir formasını qadınlara məcburi etsəydik və misal üçün əgər qadınlara desəydik ki, hamı başına yalnız qara çarşab salmalıdır, o zaman bu hicabın məcburi olması anlamına gələrdi. Halbuki hazırda bizdə vəziyyət belə deyil və hicab məcburi sayılmır.

 

Hesab edirəm ki, hicab bir şəxsin və ya bir fərdin özünə aid bir məsələ deyil. Çünki ona hicaba riayət olunmaması cəmiyyətə ziyan vurar. Məhz buna görə də düşünürəm ki, hicaba riayət etmək lazım məsələdir. Mən bu cəmiyyəti yaxşı tanıdığıma görə deyə bilərəm ki, əgər bu gün biz hicab məsələsi barədə ümumxalq referendumu keçirsək, əminəm ki, ölkə əhalisinin əksəriyyəti hicabın lehinə səs verəcəklər”.

 

Qeyd edək ki, İranda qadınların rejimin məcburi hicab siyasətinə qarşı kütləvi etirazı son bir ildə xeyli güclənərək geniş vüsət alıb. Qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Vida Müvəhhid

 

Son bir ildə  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda isə 40-dan çox qadın həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN