İranlı deputat: “FATF layihələrini qəbul etməsək, bütün dünya bizimlə əməkdaşlığı dayandıracaq”- FOTO

İranlı deputat: “FATF layihələrini qəbul etməsək, bütün dünya bizimlə əməkdaşlığı dayandıracaq”- FOTO

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş millət vəkili Əbdülrza Haşimzayi bildirib ki, FATF-la bağlı layihələr qəbul edilməsə, demək olar ki, bütün dünya ölkəsi ilə işləməkdən boyun qaçıracaq.

 

Deputat qeyd edib ki, Çinin böyük şirkətləri hazırda İranla işləməkdən imtina edir. O, sözügedən layihələrin qəbul edilmədiyi təqdirdə, hətta Çin və Rusiya kimi “dost ölkələrin” böyük şirkətlərinin də İranla işləməkdən çəkinəcəyini deyib.

 

Əbdülrza Haşimzayi Ali Məsləhət Şurasına xitabən bildirib ki, əgər həqiqətən xalqın rifahını düşünürsünüzsə və bu məsələdə siyasi motivlər yoxdursa, FATF layihələrini qəbul edin.

 

Xatırladaq ki, çirkli pulların yuyulmasıyla bağlı iki “Palermo” layihəsi, eləcə də Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Konvensiyaya aid “CFT” layihəsi hazırda Ali Məsləhət Şurasında qəbul edilmək üçün araşdırılır.

 

Şura 10 oktyabra qədər layihələrlə bağlı incələmələrinin nəticələrini hazırlayıb, elan etməli idi. Milli Məclisin deputatı Hişmətullah Fəllahətpişe bir neçə gün öncə bildirmişdi ki, Ali Məsləhət Şurası qeyd edilən tarixə qədər öz mövqeyini açıqlamadığından, artıq bu layihələr qanuna çevrilib. Lakin Şura deputatın bu çıxışına heç bir reaksiya verməyib.

 

Hişmətullah Fəllahətpişe

 

Cari ilin iyun ayının 21-də maliyyə məsələləri üzrə hesabatlar hazırlayan xüsusi işçi qrupu- FATF İranın qurumun qara siyahısına salınmaması üçün rəsmi Tehrana oktyabr ayına qədər sayca 5-ci dəfə möhlət vermişdi.

 

Oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirmişdi ki, İran çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahələrində ciddi olsaydı, bu günə qədər bu layihələri qəbul etmiş olardı.

 

FATF layihələrinin qəbuluna qarşı çıxanlar əsasən “dini lider” Əli Xamneyinin təyin etdiyi rəsmilərdir və onlar bildirirlər ki, layihələrin qəbulu İranın Həmas və Hizbullaha etdiyi maliyyə yardımlarının qarşısını alacaq.

 

 

Digər tərəfdən, sözügedən layihələrlə bağlı uzun müddətdir ki, ölkə daxilində fikir ayrılıqları mövcuddur. 2018-ci ilin dekabr ayının sonlarında xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, bu layihələrin qəbuluna qarşı çıxan rəsmilər və dövlət qurumlarının özləri böyük məbləğdə çirkli pulların yuyulması əməliyyatlarını həyata keçirənlərdirlər. Əlbəttə, onun bu sözləri siyasi elita içərisində qalmaqala səbəb olmuş, bir çox mühafizəkar siyasətçilər Zərifin tutduğu postdan uzaqlaşdırılmasını və hətta həbs edilməsini tələb etmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN