İranlı deputat: “Gələn ilin büdcə layihəsi mənasız və qeyri-realistdir”

İranlı deputat: “Gələn ilin büdcə layihəsi mənasız və qeyri-realistdir”

GünAz TV: İran Milli Məclisinin Enerji Komissiyasının üzvü Əli Bəxtiyar dövlətin gələn il üçün təklif etdiyi büdcə layihəsini mənasız və qeyri-realist adlandırıb.

 

O, həmçinin qeyd edib ki, rəsmilər büdcə kəsrini aradan qaldırmaq yükünü ilin ortasında əhalinin çiyinlərinə yükləyərək, benzini bahalaşdırmaqla bağlı qərar qəbul ediblər və bu da yanlışdır.

 

“Gələn il üçün nəzərdə tutulmuş büdcə layihəsinin icrası qeyri-mümkündür. Onun bütün hissələri qeyri-realistdir və incələdikdə məlum olur ki, layihə üzərində heç bir mütəxəssis çalışmayıb”, - deyə Əli Bəxtiyar əlavə edib.

 

Deputat dövlətin büdcə kəsrinin aradan qaldırılması və büdcə daxilolmalarını təmin etmək üçün benzini bahalaşdırmasını naşı addım adlandırıb və bunun ölkədə sosial və təhlükəsizlik problemləri yaratdığını vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, 1399-cu il (mart 2020- mart 2021-red.) üçün dövlətin təqdim etdiyi büdcə layihəsi bundan öncə də dəfələrlə tənqid etmişdi. Son olaraq Milli Məclisin Araşdırmalar Mərkəzi layihədə nəzərdə tutulmuş gəlir mənbələrinin böyük hissəsini qeyri-realist adlandırmaqla, dövləti onun üzərində dəyişiklik aparmağa çağırmışdı.

 

İran prezidenti Həsən Ruhani sözügedən layihəni dekabrın 8-də Parlamentə təqdim edən zaman onu “sanksiyalar qarşısında müqavimət büdcəsi” adlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN