İranlı deputat: “İnsanlar öz etiraz səslərini bildirdilər. Lakin millətin cavabını güllə və həbslə verdilər”

İranlı deputat: “İnsanlar öz etiraz səslərini bildirdilər. Lakin millətin cavabını güllə və həbslə verdilər”

GünazTV: İran parlamentinin deputatı Pərvanə Sələhşur noyabrın 29-da “Twitter” səhifəsində paylaşdığı bir yazıda ölkədə baş verən son etirazlardan və millətə divan tutulmasından danışıb.

Öz yazısında “Sepah”ın keçmiş və hazırkı baş komandanları Məhəmmədəli Cəfəri, Hüseyn Səlami və daha bir neçə yüksək rütbəli hərbi rəsminin dinc etirazçılara qarşı bəyanatlarını tənqid edən deputat deyib ki, rejim qüvvələri benzinin bahalaşmasına etiraz əlaməti olaraq küçələrə axışan insanlara odlu silahlardan atəş açıblar: “İnsanlar öz etiraz səslərini hökumətə bildirdilər. Lakin kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq, millətin cavabını güllə və həbslərlə verdilər. Bir qrup təxribatçını da sadəcə olaraq məişətlərinin ağır olmasına etiraz bildirən millətin sıralarına daxil etdilər.

Bu arada xalqın repressiyaya məruz qoyulub, döyülüb əzilməsi də dünya savaşı və “Kərbəla 4” əməliyyatı ilə müqayisə edildi. Həmçinin din adı ilə dövlətin qeyri-milli televiziyasından da insanların qətlinə və işgəncələrə məruz qoyulmasına fərman verildi” –deyə, İran parlamentinin deputatı Pərvanə Sələhşur  “Twitter”də paylaşdığı yazısında bəyan edib.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN