İranlı deputat Zərifin istefasının səbəblərini açıqlayıb

İranlı deputat Zərifin istefasının səbəblərini açıqlayıb

GünazTV: İran parlamentinin deputatı Qulaməli Cəfərzadə fevralın 26-da jurnalistlərə açıqlamasında keçmiş xarici işlər naziri Məhəmmədcavad Zərifin tutduğu vəzifəsindən istefa verməsinin səbəblərini açıqlayıb.

 

Deputat bildirib ki, Zərifin Bəşər Əsədin İrana səfərindən xəbərsiz qalması, onun istefa verməsinin mühüm səbəblərindən biri olub: “Lakin səbəb təkcə bu deyil. Digər səbəblər də var. Bəlkə də Zərifin yerinə prezident Ruhaninin istefa verməsi daha vacib və doğru olardı. Çünki ölkə prezidenti də bu görüşdə (Xamneyi ilə Əsədin görüşü-red) yox idi.

 

Zərifin istefa verməsinin digər səbəblərinə gəlincə, hesab edirəm ki, İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin son vaxtlar Əfqanıstana səfəri, dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Melburna səfəri və Zəriflə koordinasiya edilməyən onlarla bu kimi səfərlərin həyata keçirilməsi, onun (Zərifin) istefasının əsas səbəblərindən biri sayılır. Bildirirəm ki, bu, Zərifin ilk istefası deyil. O, bu kimi hallara etiraz olaraq, bundan əvvəl 5 dəfə istefa verib. Lakin onun istefa ərizələri qəbul edilməyib".

 

Həmçinin İran parlamentinin sədr müavini Əli Mütəhhəri də jurnalistlərə açıqlamasında Zərifin istefasının əsas səbəbinə toxunub. Mütəhhəri bildirib ki, hakimiyyətdaxili digər qurumların İran Xarici İşlər Nazirliyindən yan keçərək ölkənin xarici siyasətinə müdaxiləsi, Zərifin istefasının əsas səbəbi sayılır.

 

 

Xatırladaq ki, Zərif fevralın 25-i axşam saatlarında “İnstagram” səhifəsində yazdığı bir statusda, tutduğu vəzifəsindən istefa verdiyini bildirib: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə səmimi-qəlbdən üzr istəyirəm”.

 

Zərifin istefa xəbərinin yayılmasından az sonra, İranın “Entekhab.ir” saytının müxbiri ona göndərdiyi bir telefon mesajında ondan istefa verməsinin səbəbini soruşub. Zərifin cavabı isə çox qısa olub: “Bu gün keçirilən görüşlərin (Xamneyi və Bəşər Əsəd görüşləri nəzərdə tutulur- red.) şəkillərinin yayılmasından sonra, artıq Cavad Zərifin xarici işlər naziri kimi dünyada hörmət və imici qalmayıb”.

 

 

Qeyd edək ki, fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana gizli səfər edib. Əsədin İranın dini lideri Əli Xamneyi ilə görüşündə “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymani, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və dini liderə yaxın digər şəxslər qatılıb. Zərif isə İranın xarici işlər naziri olmasına baxmayaraq, Əsədin ölkəyə səfəri onunla koordinasiya edilməyib və o bu görüşə dəvət edilməyib.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN