İranlı millət vəkili: “Rejim Sovet kimi küçələrdə dağıla bilər”

İranlı millət vəkili: “Rejim Sovet kimi küçələrdə dağıla bilər”

GünAz TV: İran Milli Məclisinin Hüquq və Məhkəmə Komissiyasının Beynəlxalq Komitəsinin sədri Cəlil Rəhimi Cahanabadi dünən (6 yanvar-red.) çıxış edərək, ölkənin siyasi sisteminin Sovetin Moskva küçələrində dağıldığı kimi, Tehran küçələrində dağıla biləcəyini deyib.

 

O, bildirib ki, Sovet 13 min nüvə başlığına malik olsa da, yenə də parçalanmağın qarşısını ala bilmədi: “Sovet dağılan zaman 13 min nüvə başlığına sahib idi, 20-dən çox ölkəyə nəzarət edirdi, kosmik stansiyası var idi, amma Moskva küçələrində dağıldı və öz təhlükəsizliyini və ərazi bütövlüyünü itirdi”- deyə Cəlil Rəhimi əlavə edib.

 

İranın regional münaqişələrə xərclədiyi vəsaitləri də tənqid edən millət vəkili deyib ki, ölkə xaricdə həddən artıq vəsait tələf etməsinin yerinə, daxildəki iqtisadi problemləri həll etməlidir.

 

Cəlil Rəhimi ölkə əhalisinin ağır iqtisadi vəziyyətdə olduğu halda İranın xarici ölkələrdə gedən münaqişələrə ifrat dərəcədə böyük maliyyə axınını təmin etməsinin böyük fəlakətlərə, hətta rejimin çökməsinə səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, ölkənin əksər bölgələrində qaz və suvarma sistemi yoxdur, ölkə boyunca əhalinin sosial problemləri hər gün daha da artmaqdadır və bu “narahat edici” haldır.

 

İranli millət vəkili sonda ölkənin israfçı və prioritet olmayan xərclərinin ləğv edilməsini və bunun qarşılığında əhalinin yaşayış səviyyəsinə, təhsil və səhiyyənin keyfiyyətinə, eləcə də kənd bölgələrində mövcud olan qaz və suvarma problemlərinə diqqət ayrılmasının zəruri olduğunu deyib.

 

Qeyd edək ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyalar qəbul edərək, nüvə razılaşmasından çıxmasını elan etməsindən sonra bu ölkədə iqtisadi vəziyyət ağırlaşıb. Noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı yeni sanksiyaların qəbul edilməsindən sonra isə ölkə iqtisadiyyatı daha ağır vəziyyətə düşüb. Bunun ardınca isə İranın bir çox bölgələrində sosial problemlər səbəbindən etirazlar başlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN