İranlı nazir: “Prezident seçkilərində 1 milyon nəfər səsverməyə qatıla bilməyib”

İranlı nazir: “Prezident seçkilərində 1 milyon nəfər səsverməyə qatıla bilməyib”

GünAzTV: İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli mayın 23-də jurnalistlərə açıqlamasında ölkədə keçirilən son prezident seçkilərindən və səsvermədə iştirak edə bilməyən 1 milyon seçicidən danışıb.

 

Nazir bildirib ki, seçki günündə səsvermə müddəti bir neçə dəfə uzadılsa da, öz səsini sandıqlara salmaq üçün saatlarla növbədə duran xeyli insan səsvermədə iştirak edə bilməyib: “Ötən cümə günü səsvermə məntəqələri gecə saat 24-ə qədər fəaliyyət göstərdi. Bu isə səsvermənin son qanuni vaxtı kimi nəzərdə tutulmuşdu. Lakin buna baxmayaraq səs vermək üçün saatlarla növbədə duran təxminən 1 milyon nəfər qanuni vaxt başa çatdığına görə səsverməyə qatıla və öz səsini sandığa sala bilmədi. Yayılan bəzi məlumatlarda isə belə bir iddia irəli sürülür ki, səsverməyə qatıla bilməyən vətəndaşların sayı guya 3-4 milyon nəfərdir. Lakin bizim təxminimizə görə bu rəqəm 1 milyon nəfərdir və hesab edirik ki, bu rəqəm daha real görünür”.

 

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib.  Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad, axund İbrahim Rəisi arasında aparılıb.

 

Seçkilərdə Həsən Ruhani səslərin 57 faizini qazanıb və ikinci dəfə olaraq yenidən 4 il müddətinə preziden seçilib. O,  sandıqlara salınan 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16 səs toplayaraq seçkilərin qalibi olub.

 

Ruhaninin əsas rəqibi olan İbrahim Rəisi isə15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü yeri tutub.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN