İranlı qadın deputat: “Qadınların hicaba qarşı etirazı, bizim yürütdüyümüz səhv siyasətin nəticəsidir”

İranlı qadın deputat: “Qadınların hicaba qarşı etirazı, bizim yürütdüyümüz səhv siyasətin nəticəsidir”

GünAzTV: İran parlamentinin qadın deputatı Süheyla Colodar Zadə, yanvarın 31-də Tehranda keçirilən bir toplantıda çıxış edərək, “İnqilab küçəsinin qızları” adı ilə məşhurlaşan qadınların məcburi hicaba qarşı etirazından və onların baş örtüklərini açmasından danışıb.

 

Deputat bildirib ki, qadınların rejimə qarşı etiraz əlaməti olaraq baş örtüklərini açması, hakimiyyətin hicaba riayət olunması ilə əlaqədar onlara göstərdiyi lazımsız təzyiqinin nəticəsidir: “Biz, ölkə qadınlarına məhdudiyyətlər qoyaraq öz səhv rəftarımızla onlara qarşı lazımsız təzyiqlər tətbiq etmişik. Bu təzyiqlər isə qadınların üsyan etməsinə gətirib çıxarıb. Qadınlara göstərilən sıxıntı və təzyiqlərin nəticəsi bu gün ona gətirib çıxarıb ki, “İnqilab küçəsinin qızları”, küçələrdə baş örtüklərini açaraq, onu bir ağacın ucuna bağlayıb havada yelləyirlər. Bütün bunlar isə bizim səhv siyasət və rəftarımızın nəticəsidir.

 

Hesab edirəm ki, hicab məsələsi ilə bağlı bu günə qədər ölkədə yürüdülmüş siyasətə və qadınlara qarşı tətbiq edilmiş məhdudiyyət və təzyiqlərə yenidən baxmaq lazımdır”.

 

 

 Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

 

 

Son günlərdə,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN