İranlı rejissor qazandığı beynəlxalq mükafatı etirazlarda öldürülən Puya Bəxtiyariyə hədiyyə edib

İranlı rejissor qazandığı beynəlxalq mükafatı etirazlarda öldürülən Puya Bəxtiyariyə hədiyyə edib

GünAz TV: İranlı rejissor Möhsün Ustadəli qazandığı “ən yaxşı sənədli film rejissoru” mükafatını benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş etirazlar zamanı qətlə yetirilən Puya Bəxtiyariyə hədiyyə edib.

 

Ötən gün Tehranın Rudəki konsert salonunda keçirilən bağlanış mərasimi zamanı “Xosuf” (ay tutulması-red.) filminə görə, ən yaxşı uzun metrajlı film rejissoru mükafatı Möhsün Ustadəliyə təqdim edilib.

 

O, özü mərasimdə iştirak etməyib. Lakin filmin çəkilişində iştirak edənlərdən biri rejissorun müraciətini iştirakçılara oxuyub.

 

“Aban hadisələrindən uzun müddət keçməyib. Etirazlar zamanı bizim kameralar sönülü, bu torpaqlarda yaşayan cavanların telefonlarının kameraları isə işlək idi. Bizim edə bilmədiyimizi onlar edirdi. Həqiqəti lentə almaq mükafat almaq üçün edilmir, əksinə bu cəsarət tələb edən iş ictimaiyyətin çətin günlərində insanların yanında olduğunu sübut etmək üçün edilir. Bunu xalq yerinə yetirdi, biz isə yalnız qıraqdan tamaşaçı kimi baxdıq. Bu hədiyyəni ölkənin ən cəsur sənədli film hazırlayanı Puya Bəxtiyari və əbədi olaraq çəkdikləri yaşayacaq insanların uca ruhlarına təqdim edirəm”, - deyə rejissorun müraciətində qeyd edilir.

 

Xatırladaq ki, noyabrın 16-da anasının gözləri qarşısında İran təhlükəsizlik qüvvələri tərəfindən başından güllələnərək öldürülən Puya Bəxtiyarinin atası İran-İraq müharibəsi iştirakçısıdır. O, bir neçə gün əvvəl media orqanlarına verdiyi müsahibə zamanı 5 il cəbhədə döyüşdüyünü, dövlətin buna qarşılıq olaraq oğlunun “beynini güllə ilə dağıtdığını” demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN