İraq Hizbullahı ölkə rəsmilərinin bəzilərini Süleymani və əl-Mühəndisin ölümündə əli olmaqda günahlandırıb

İraq Hizbullahı ölkə rəsmilərinin bəzilərini Süleymani və əl-Mühəndisin ölümündə əli olmaqda günahlandırıb

GünAz TV: "Sepah" terror təşkilatının "Qüds Briqadası"na bağlı İraq Hizbullahı təşkilatı Qasım Süleymani və Mehdi əl-Mühəndisin Amerika Birləşmiş Ştatları tərəfindən öldürülməsinə görə bəzi iraqlı rəsmiləri günahlandırıb.

 

Adı Amerika tərəfindən terror təşkilatlarına salınmış bu qrup iddia edib ki, əllərində İraqın Milli Təhlükəsizlik naziri Mustafa əl-Kazıminin Süleymani və əl-Mühəndisin öldürülməsində əli olması barədə sənədlər var.

 

Qruplaşma ötən gün yaydığı bəyanatda həmçinin iddia edib ki, İraq təhlükəsizlik orqanlarının əməkdaşlarından bəziləri ABŞ-a sözügedən iki şəxsə qarşı keçirilmiş hava əməliyyatında kömək ediblər.

 

Bəyanatda İraq Hizbullahının daha öncələr Mustafa əl-Kazıminin "Qüds Briqadası"nın komandanı Qasım Süleymaninin və "Həşdəş-Şəbi" liderinin müavini Mehdi əl-Mühəndisin öldürülməsində əlinin olduğu barədə şübhələrin olduğu, lakin İraq xüsusi xidmət orqanları əməkdaşlarından birinin təqdim etdiyi sənədlər nəticəsində "bu şübhənin aradan qalxdığı" deyilir.

 

İraq Milli Təhlükəsizlik Nazirliyi ötən gün Hizbullahın iddiasına reaksiya olaraq yaydığı bəyanatda bütün deyilənləri təkzib edib və bildirib ki, bu cür yalan məlumatlar ölkənin təhlükəsizliyinə zərbə vurur. Nazirlik həmçinin qruplaşmanın Mustafa əl-Kazımi barədə səsləndirdiyi bütün fikirləri əsassız adlandırıb.

 

Digər tərəfdən, İraq Milli Təhlükəsizlik Nazirliyi dünən İraq Hizbullahının bir neçə üzvünü müxtəlif ittihamlarla həbs edib.

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds Briqadası"nın komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava qüvvələrinin raket hücumu nəticəsində öldürülmüşdü. Hücum nəticəsində Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror qruplaşması rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN