İraq Kürdistanı rəsmiləri: “Kərkükə doğru irəliləyən İraq ordusu hərbi hissələrinin sıralarında “Sepah” qüvvələri də var”

İraq Kürdistanı rəsmiləri: “Kərkükə doğru irəliləyən İraq ordusu hərbi hissələrinin sıralarında “Sepah” qüvvələri də var”

GünAzTV: İraq Kürdistanı Muxtariyyətinin Ərbildəki peşmərgə qüvvələrinin komandirlərindən sayılan Şvan Şadmani oktyabrın 15-də jurnalistlərə açıqlamasında “Sepah”ın Kərkük əməliyyatında İraq ordusuna yardımından danışıb.

 

Şadmani bildirib ki, Kərkükü ələ keçirmək üçün “Sepah”ın İraq ordusu ilə birbaşa əməkdaşlıq etməsi barədə onlarda dəqiq məlumatlar var: “Kürdistan Muxtariyyətinin Kərkükdəki qüvvələrinə qarşı mümkün hərbi hücumda İraq ordusu və şiə “Həşdi-Şəəbi” yaraqlıları tək olmayacaq. Bizdə olan dəqiq məlumatlara görə onların sıralarında İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) qüvvələri də var. Bu barədə bizdə 100 faiz dəqiq məlumatlar var və bundan əminik”.

 

Bu arada peşmərgə qüvvələrinin digər komandirlərindən olan Əyyub Yusif, jurnalistlərə bildirib ki, Kərkük ətrafında yaşanan böhran, hər an tərəflərin qarşıdurmasına səbəb ola bilər. O deyib ki, kürdlər Kərkükü və onun ətraf bölgələrini asanlıqla təslim etməyəcək: “Onlar Kərkükdəki hava limanını, neft quyularını və şəhər məntəqələrini ələ keçirmək istəyirlər. Bir sözlə, onlar bütün Kərkük bölgəsinə hakim olmağa çalışırlar. Biz bu bölgələri qanla əldə etmişik və onu bütün gücümüzlə qoruyacağıq və lazım olsa bu yolda yerə artıq qanlar da axıdılacaq”.

 

Qeyd edək ki, İraqın mərkəzi hökuməti Kərkükü və onun ətrafını boşaltmaq üçün kürdlərə oktyabrın 15-i sübh saatlarına qədər vaxt versə də, Kürdistan Muxtariyyəti Bağdadın bu tələbini rədd etmişdi.

 

Son məlumatlara əsasən, oktyabrın 15-i axşam saatlarına qədər İraq ordusunun hərbi hissələri hər hansı ciddi bir müqavimətlə üzləşmədən Kərkükün bir sıra məntəqələrini ələ keçirib. Problemin dinc yollarla həll olunması üçün tərəflər arasında danışıqlara başlanıldığı bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN