İraqda hərbi bazaya qarşı raket hücumunda 1 amerikalı podratçı həlak olub. Hücumun İranın dəstəklədiyi qruplaşmalar tərəfindən gerçəkləşdirildiyi təxmin edilir

İraqda hərbi bazaya qarşı raket hücumunda 1 amerikalı podratçı həlak olub. Hücumun İranın  dəstəklədiyi qruplaşmalar tərəfindən gerçəkləşdirildiyi təxmin edilir

GünazTV: İraq ordusunun Kərkükdə Amerika qüvvələrinə ev sahibliyi etdiyi bir hərbi bazasına qarşı raket hücumunda 1 amerikalı podratçı həlak olub, çoxlu sayda iraqlı hərbçi yaralanıb.

 

 İraq rəsmilərinin bildirdiyinə görə, bu ölkənin Kərkükdəki “K-1” adlı hərbi bazasına 30 ədəd raket atılıb. Raketlərin mənşəyi və kimlər tərəfindən atıldığı dəqiq bilinməsə də, Amerikanın hərbi və təhlükəsizlik rəsmiləri CNN-ə açıqlamalarında İranın təmsilçi qüvvələrini həmin hücumları həyata keçirməkdə günahlandırıb.

 

 Amerika Müdafiə Nazirliyinin bəzi rəsmiləri isə “Newsweek” jurnalına açıqlamalarında hücumların İran tərəfindən təşkil edildiyini bildiriblər: “Raket hücumlarında 1 amerikalı podratçı həlak olub, bir neçə ABŞ və İraq hərbçisi yaralanıb. Hesab edirik ki, bu hücumlar İranın dəstəklədiyi yaraqlı qruplaşmalar tərəfindən gerçəkləşdirilib” –deyə, “Newsweek”in Amerika Müdafiə Nazirliyinin rəsmilərinə istinadən yaydığı məlumatında bildirilir. 

 

 Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 13-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın təmsilçi qüvvələrinin Bağdad hava limanı yaxınlığındakı bir hərbi bazaya qarşı həyata keçirdiyi raket hücumuna kəskin reaksiya vermişdi: “Əgər İran yaxud onun təmsilçi qrupları Amerika qüvvələrinə və ya bizim iraqlı tərəfdaşlarımıza qarşı hər hansı bir xəsarət yetirsələr Amerika Birləşmiş Ştatları onlara kəskin cavab verəcək” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı yazısında bildirmişdi.

 

Qeyd edək ki, İranın təmsilçi qruplarının dekabrın 10-da Bağdadın hava limanı yaxınlığında amerikalı əsgərlərin də olduğu bir hərbi bazaya qarşı raket hücumunda 6 iraqlı hərbçisi yaralanıb. Eyni hücum, dekabrın 12-də İraq hərbçilərinə qarşı təkrarlanıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN