İsrail qırıcıları Dəməşqdə Suriya hökumətinin və İranın hərbi mövqelərini bombardman edib

İsrail qırıcıları Dəməşqdə Suriya hökumətinin və İranın hərbi mövqelərini bombardman edib

GünazTV: İsrail qırıcıları fevralın 6-sı sübh saatlarında Suriyanın paytaxtı Dəməşq ətrafında Bəşər Əsəd rejiminin və İranın hərbi mövqelərini yenidən bombardman edib. Bu barədə Suriyanın rəsmi xəbər agentliyi (Sana) məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri İsrailin Colan yüksəkliklərindən həyata keçirdiyi hava hücumunun qarşısını alaraq, onun atdığı raketlərdən bir neçəsini havada vurublar.

 

Suriya mediasının yaydığı xəbərdə bildirilir ki, srail qırıcıları paytaxt Dəməşqin yaxınlığında yerləşən Əl-Kusuh, Mərc əl Sultan və Bağdad körpüsü məntəqələrini, eləcə də Suriyanın cənubunda yerləşən Dəra əyalətinin Əzrə məntəqəsini raket atəşinə tutublar. Yayılan xəbərdə, Suriya və İran hərbi qüvvələrinin mümkün itkilərinə toxunulmayıb.

 

Mərkəzi qərargahı Böyük Britaniyada olan Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı isə bildirib ki, İsrail qırıcıları Əsəd rejiminin mövqelərini, eləcə də İranın Əl-Kusuh şəhərinin ətrafında olan 1-ci diviziyaya bağlı “91-ci briqada”sı qərargahındakı yarı-hərbi qüvvələrini raket atəşinə tutublar. Həmçinin Suriya və İran rejimlərinə bağlı daha bir neçə hərbi mərkəzin Dəməşq ətrafında İsrail qırıcıları tərəfindən bombardman edildiyi bildirilir.

 

İsrail qırıcılarının raket hücumlarında ölən və ya yaralanan İran hərbçilərinin sayı açıqlanmayıb.

 

Xatırladaq ki, İranın Suriyadakı hərbi varlığı barədə dəfələrlə xəbərdarlıq edən İsrail, son illər “Sepah”ın Dəməşq və onun ətrafındakı hərbi baza və mövqelərinə qarşı yüzlərlə hava zərbələri endirdiyini bildirir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN