İsrail Süleymaninin öldürülməsinin doğura biləcəyi nəticələrlə bağlı təcili iclas keçirir

İsrail Süleymaninin öldürülməsinin doğura biləcəyi nəticələrlə bağlı təcili iclas keçirir

GünAz TV: İsrailin Müdafiə naziri “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin ölümünün ölkəsi üçün doğura biləcəyi mümkün gözlənilməz nəticələrlə bağlı təcili toplantı keçirir.

 

Müdafiə Nazirliyində keçirilən iclasda İsrail ordusunun komandanı və yüksək çinli təhlükəsizlik rəsmiləri iştirak edirlər. Ölkənin Baş naziri Benyamin Netanyahu Yunanıstanda səfərdə olduğundan, görüşdə iştirak edə bilməyib. Lakin son dəqiqələrdə yayılan xəbərlərdə onun rəsmi səfərini yarımçıq qoyub, İsrailə yola düşdüyü deyilir.

 

İsrail rəsmiləri hələ ki, Süleymaninin öldürülməsinə birbaşa reaksiya verməyiblər. Lakin israilli təhlükəsizlik ekspertləri, xüsusilə də sabiq hərbçilər İranın intiqam almaq üçün atacağı addımlarda əsas etibarilə İsraili hədəf alacaqlarını deyirlər.

 

Artıq Qolan yüksəkliyində Suriya tərəfindən baş tuta biləcək mümkün hücumlara qarşı təhlükəsizlik tədbirlərinin artırılması barədə xəbərlər yayılır. Bununla belə, İsrail ordusu ölkənin şimal hissəsində hər şeyin adəti üzrə davam etdiyi barədə məlumat yayıb.

 

Xatırladaq ki, bir müddət öncə İsrail ordusu Qasım Süleymaninin izlənilən şəxslərin siyahısında olduğunu bildirmişdi. Lakin İsrailin məxfi kəşfiyyat orqanı- “Mossad”ın rəhbəri Yossi Kohen Süleymaninin fəaliyyətlərinin ölkəsinə qarşı təhdid yarada biləcək səviyyədə olmadığını, buna görə də, onun öldürülməsi barədə hələ ki, göstəriş vermədiyini demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN