İsrail yenidən İranın Suriyadakı mövqelərinə hava zərbələri endirib

İsrail yenidən İranın Suriyadakı mövqelərinə hava zərbələri endirib

GünAz TV: İsrail Müdafiə Nazirliyi bu ölkənin Hərbi Hava Qüvvələrinin “Sepah” terror təşkilatının “Qüds Briqadası” və Suriya ordusuna qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hücum ötən gün “Qüds Briqadası”nın Suriya ərazisindən İsrailə raket atmasına cavab xarakteri daşıyıb.

 

“Hücum zamanı Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail qırıcılarına atəş açıblar. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar atəşi dayandırmadığından, qırıcılar Suriyanın atəş açan HHQ bölmələrinə də zərbələr endiriblər”, - deyə Müdafiə Nazirliyinin yaydığı xəbərdə vurğulanır.

 

Suriyanın rəsmi xəbər agentliyi olan “Sana” da məlumatı təsdiqləyib və bildirib ki, bu gün gecə yarısı saat 01:20 radələrində İsrail HHQ-ya məxsus qırıcılar Dəməşqdə bir neçə nöqtəyə raket zərbələri endiriblər.

 

“Sana” hücumu şiddətli adlandırıb. Eləcə də, Fransa xəbər agentliyinin Suriyada fəaliyyət göstərən jurnalisti də axşam saatlarında Dəməşqdə bir neçə güclü partlayış səsinin eşidildiyini deyib.

 

Hələ ki, ölən və yaralananlarla bağlı məlumat verilmir. Hücum nəticəsində “Qüds Briqadası” və Suriya ordusuna məxsus onlarla hədəf məhv edilib. Məhv edilənlər arasında Suriya HHQ-ya məxsus bölmələr, komandanlıq qərargahları, silah anbarları, hərbi bazalar və digər bu kimi hərbi obyektlər var.

 

Xatırladaq ki, ötən gün İsrail ordusu Suriya tərəfindən Qolan təpələri istiqamətində atılmış 4 raketin havada zərərləşdirildiyi barədə məlumat yaymışdı.

 

Son 2 il ərzində İsrail İranın Suriyadakı hərbçiləri və yaraqlılarına qarşı yüzlərlə hava hücumu həyata keçirib. Nəticədə onlarla “Sepahçı” və yaraqlı həlak olub. Rəsmi Tehran bu hücumlara yalnız sözlə təhdid etməklə cavab verə bilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN