İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə rəsmisi İran Xarici İşlər Nazirliyinə çağırılıb

İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə rəsmisi İran Xarici İşlər Nazirliyinə çağırılıb

GünAzTV: ABŞ dövlət katibi Rex Tillersonun bir həftə əvvəl İranla bağlı səsləndirdiyi bəyanatına etiraz olaraq, iyunun 19-da İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

 

İsveçrənin Tehrandakı səfirliyi

 

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında məlumat verib: “İran Xarici İşlər Nazirliyinin Amerika məsələləri üzrə məsulu Məhəmməd Keşavərzzadə tərəfindən nazirliyə çağırılan İsveçrə səfirliyinin rəsmisinə Rex Tillersonun İranla bağlı son bəyanatına kəskin etiraz bildirilib. Rəsmi görüşdə Keşavərzzadə bildirib ki, ABŞ dövlət katibinin İran rejimini dinc yollarla dəyişdirməklə bağlı səsləndirdiyi fikirlər beynəlxalq hüquq qaydalarına, Amerika hökumətinin BMT bəyannaməsi qarşısında üzərinə götürdüyü öhdəliklərə və Vaşinqtonla Tehran arasında olan qarşılıqlı müqavilərinə  ziddir. O həmçinin deyib ki, Amerika hökuməti səsləndirilən bu bəyanatın məsuliyyətini üzərinə götürməli, buna görə cavabdeh olmalıdır. ABŞ-ın yüksək rütbəli bir rəsmisi tərəfindən səsləndirilən bu düşünülməmiş bəyanatlar  açıq-aşkar İranın daxili işlərinə qarışmaqdır və qəbuledilməzdir”.

 

 

Məhəmməd Keşavərzzadə

 

Görüşdə, İsveçrənin Tehrandakı səfirliyinin rəsmisi İranın etiraz notasını Vaşinqtona çadıracağına söz verib.

 

 

İyunun 14-də Amerika Nümayəndələr Palatasında çıxış edən dövlət Katibi Rex Tillerson İranın regiondakı fəaliyyətindən, nüvə sazişindən və Amerika hökumətinin İranla bağlı siyasətindən danışıb: “Bizim İranla bağlı xarici siyasətimiz formalaşmaqdadır və hələlik prezidentə təqdim edilməyib. Lakin bir şeyi bildirməliyəm. O da budur ki, bizim İranın bölgədə çaxnaşmanın qızışdırılması istiqamətində apardığı fəaliyyətindən və rolundan xəbərimiz var. Tehranın regiondakı hegemonluğunun qarşısını almaq və onun nüvə silahlarına yiyələnməsinə mane olmaq, bizim Tehranla bağlı yürütdüyümüz siyasətin əsas təməllərindən biridir. Bizim siyasətimiz həm də ölkə daxilində İran rejimini dinc yollarla dəyişdirməyə cəhd göstərən qüvvələrə yardım etmək və onlara dəstək verməkdir”.

 

 Qeyd edək ki, ABŞ-ın Tehrandakı səfirliyi 1979-cu il noyabrın 4-də İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin qatı tərəfdarı olan bir qrup radikal “Hizbullah”çı tələbə tərəfindən işğal edilərək amerikalı diplomatlar 444 gün müddətinə girov götürülüb. Nəticədə Tehranla Vaşinqton arasındakı diplomatik əlaqələr kəsilib. Həmin vaxtdan başlayaraq Amerikanın İrandakı mənafeyini İsveçrə səfirliyi qoruyur və bu ölkəni təmsil edir.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN