Kirmanşah zəlzələsində yaralananların sayı 9388 nəfərə çatıb

Kirmanşah zəlzələsində yaralananların sayı 9388 nəfərə çatıb

GünAzTV: Üç gün əvvəl İranın Kirmanşah əyalətində baş vermiş 7,3 bal gücündə zəlzələdə yaralananların sayı 9388 nəfərə çatıb. Bu barədə İranın “Tasnim” saytı noyabrın 15-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, bundan əvvəl zəlzələdə həyatını itirənlərin 530 nəfər olduğu bildirilsə də, bu rəqəm öz təsdiqini tapmayıb və hazırda təbii fəlakətdə ölənlərin dəqiq sayı 474 nəfərdir. Qeyd olunur ki, zəlzələdən üç gün keçməsinə baxmayaraq evləri dağılmış insanların əksəriyyəti hələ də gecələr çöldə qalır və onların hamısını müvəqqəti olaraq çadırlarda yerləşdirmək mümkün olmayıb.

 

Kirmanşah əyalətinin müxtəlif şəhər və kəndlərində zəlzələdən ziyan çəkənlərin hələ də çadır, ədyal, su, qida və paltar qıtlığından əziyyət çəkdiyi, onlara humanitar yardımın intizamlı şəkildə çatdırılmadığı vurğulanır. Təbii fəakət qurbanlarının həmçinin dava-dərman və həkim azlığından əziyyət çəkdiyi bildirilir.

 

 

Xatırladaq ki, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub. Güclü zəlzələ həm də İraqda baş verib.

 

Amerikanın Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub. Zəlzələ nəticəsində,  Kirmanşah əyalətinin bir neçə şəhərində minlərlə evə ziyan dəyib, çoxlu dağıntılar əmələ gəlib. Zəlzələ, İranın Şərqi və Qərbi Azərbaycan, Həmədan, Kürdistan, Buşehr, Xuzistan və İlam əyalətlərində də hiss olunub. Baş vermiş zəlzələ ilə bağlı Kirmanşah əyalətində 3 gün matəm elan edilib.

 

 İran mənbələrinin yaydığı son xəbərə görə, zəlzələ nəticəsində əyalətin müxtəlif şəhər və kəndlərində ən azı 15000-ə yaxın ev tamamilə dağılıb.

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN