Küveyt İranın Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərindən narahat olduğunu bildirib

Küveyt İranın Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərindən narahat olduğunu bildirib

GünazTV: Küveyt xarici işlər nazirinin müavini Xalid əl Carəllah, aprelin 28-də jurnalistlərə açıqlamasında İran rəhbərlərinin, o cümlədən dünyada terror təşkilatı kimi tanınan “Sepah” komandirlərinin Hörmüz boğazının bağlanması ilə bağlı etdikləri təhdidlərindən narahat olduğunu bildirib.

 

O bildirib ki, Küveyt hökuməti İranın vəzifəli şəxslərinin və hərbi komandirlərinin Hörmüz boğazının bağlanması ilə bağlı son təhdidlərindən ciddi narahatdır: “Küveyt İranın Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərini tam nigaranlıqla izləyir. Biz həmişə bölgənin bu kimi təhdidlərdən uzaq saxlanmasının tərəfdarı olmuşuq. Ümid edirik ki, bölgəmiz bu kimi təhdid və çaxnaşmalardan uzaq olacaq, dünyanın mühüm və həyati bir məntəqəsi olan bu regionda ağıl, müdriklik və sülh üstün gələrək hakim olacaq” –deyə Xalid əl Carəllah əlavə edib.

 

Qeyd edək ki, “Sepah”ın ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına salınmasından və İran neftinin satışına qoyulan məhdudiyyətlər artdıqdan sonra, son günlər bəzi İran rütbəli zabitləri Hörmüz boğazının beynəlxalq gəmilərin üzünə bağlanması ehtimalı barədə təhdid dolu bəyanatlar səsləndirirlər.

 

“Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri aprelin 22-də “Əl-Aləm” telekanalına müsahibəsində Amerikanı körfəzdəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib. Onun bu təhdidi, Mayk Pompeonun Amerikanın İranın neft satışına qarşı sanksiyalarda istisna ölkələrə tanıdığı möhlətin mayın 2-də başa çatacağını elan etməsindən və Vaşinqtonun bu il İranın neft ixracatını sıfıra endirmək niyyətində olduğunu bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Əlirza Təngsiri

 

Aprelin 28-də isə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri mediaya açıqlamasında Hörmüz boğazının bağlanması ehtimalından danışıb: “Biz, Hörmüz boğazını bağlamaq niyyətində deyilik. Lakin əgər düşmənlərin bizə qarşı etdikləri dözülməz həddə çatsa, başqa çarəmiz qalmayacağı təqdirdə, bu addımı ata bilərik. Əlbəttə ki, bu barədə ölkənin yüksək vəzifəli rəhbərləri qərar verir, biz isə sadəcə olaraq, onların əmrini yerinə yetiririk. Əgər neftimiz bu boğazdan keçməzsə, sözsüz ki, digər ölkələrin də nefti bu boğazdan keçməyəcək” –deyə Məhəmməd Baqiri vurğulayıb.

 

Məhəmməd Baqiri

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN