Livan Zərifin hərbi yardımla bağlı təklifinə müsbət yanaşmayıb

Livan Zərifin hərbi yardımla bağlı təklifinə müsbət yanaşmayıb

GünAz TV: Livan rəsmiləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İranın bu ölkəyə hərbi yardım göstərməyə hazır olduğu barədə təklifinə müsbət yanaşmayıblar.

 

Zərif fevralın 10-da Beyrut hava limanında Livan dövlətinin razı olacağı təqdirdə, ölkəsinin bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq etməyə, eləcə də Livana hərbi təchizatlar və hava hücumundan müdafiə sistemləri verməyə hazır olduğunu deyib. İran XİN-in rəhbəri Livana səfərinin məqsədinin Livan dövləti və xalqı ilə “həmrəylik nümayiş etdirmək” və ölkəsinin rəsmi Beyrutla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmək üçün baş tutduğunu bildirib.

 

Bunun əksinə olaraq, Dubayda dövlət başçılarının qlobal sammitində iştirak edən Livanın baş naziri Səəd Həriri isə “Əl-Arabiyya” kanalı ilə müsahibəsi zamanı bildirib ki, Livan ordusunun Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri ilə əməkdaşlıq etmək üçün xüsusi proqramı var. İranın Livanı silahlandırmaqla bağlı dedikləri yalnız sözdür, başqa heç nə.

 

Xatırladaq ki, Hizbullaha yaxınlığı ilə seçilən Livan prezidenti Mişel Aun da bir neçə il öncə İrandan hərbi yardım almaqla bağlı təklif irəli sürsə də, Səd Həriri bunu qəbul etməmişdi.  

 

Zərifin Beyruta səfərindən bir neçə gün öncə Hizbullahın baş katibi Həsən Nəsrullah “İsraillə mübarizə aparmaq üçün” dövlətə İrandan hava hücumundan müdafiə sistemlərini kömək kimi qəbul etməyi təklif etmişdi. O, həmçinin “İranın Livana elektrik enerjisi və dərman vasitələri də verməyə hazır olduğunu” qeyd etmişdi.

 

Qeyd edək ki, Amerika Hizbullahı terror təşkilatları siyahısına daxil edib. ABŞ-ın rəsmi Tehrana sanksiyalar tətbiq etməsindən sonra İranda əhalinin vəziyyətinin pisləşməsinə baxmayaraq, İran rəsmiləri hələ də ölkə pullarının xaricdə fəaliyyət göstərən terror təşkilatlarının silahlandırılmasına sərf edir.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN