MAGATE İrandan gizli nüvə obyektində tapılmış uran izləri ilə bağlı təcili izahat tələb edir

MAGATE İrandan gizli nüvə obyektində tapılmış uran izləri ilə bağlı təcili izahat tələb edir

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq agentlik rəsmi Tehrandan gizli nüvə mərkəzində tapılmış uran izləri ilə bağlı təcili açıqlama tələb edib.

 

Agentliyin sədrinin səlahiyyətlərini icra edən Kornel Feruta gələn həftə MAGATE və İran rəsmilərinin məsələ ilə bağlı Tehranda görüş keçirəcəyini bildirib.

 

“Problem həll edilməmiş qalır. Qaranlıq məsələləri tezliklə aydınlaşdırmaq üçün İran agentliklə əməkdaşlıq etməlidir, - deyə o əlavə edib. 

 

Keçən həftə MAGATE İranın agentliyə mövcudluğu barədə məlumat vermədiyi gizli mərkəzində antropogen mənşəli uran zərrəciklərinin tapıldığı barədə məlumat yaymışdı.

 

Həmin vaxt “France Press” xəbər agentliyi də diplomatik mənbələrə istinadən yaxın günlərdə MAGATE-nin İrandan izahat tələb etmək üçün Tehrana yüksək vəzifəli rəsmilərini göndərəcəyi barədə məlumat yaymışdı.

 

MAGATE uranın hansı məkanda tapılmasını açıqlamasa da, söhbətin ötən il İsrailin Baş Naziri Benyamin Netanyahunun rəsmi Tehranın Turquzabadda gizli nüvə fəaliyyətləri apardığını ifşa etdiyi mərkəzdən getdiyi məlumdur.

 

Diplomatik mənbələrə əsasən, MAGATE-nin sözügedən zərrəcikləri cari ilin yaz aylarında tapmasına baxmayaraq, İran hələ də onlarla bağlı quruma açıqlama verə bilməyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN