Mark Milley: “İranla hərbi qarşıdurma riskinin artdığı dönəmdəyik”

Mark Milley: “İranla hərbi qarşıdurma riskinin artdığı dönəmdəyik”

GünAz TV: Amerika Silahlı Qüvvələrinin Müştərək Baş Qərargah rəisi, general Mark Milley Konqresdə çıxışı zamanı İranla bağlı təhlükələrin artdığını deyib.

 

O, mümkün hərbi qarşıdurmadan yan qaçmaq üçün İranın ehtiyatlı davranmalı olduğunu deyib. General hazırki vəziyyətdə Amerikanın İranın son provakasiyaları qarşısında maksimum təmkin göstərməklə, mümkün qarşıdurma riskini azaltmağa çalışdığını bildirib.

 

Mark Milley çıxışı zamanı İranın dünyada terroru himayə edən əsas dövlət olduğunu və bu kimi addımlarla Qərbi Asiya regionunda stabilliyi pozduğunu qeyd edib.

 

ABŞ Müdafiə naziri Mark Esperin də qatıldığı toplantıda republikaçı senatorlardan biri Amerikanın İran qarşısında səbrinin nə vaxt sona çatacağı ilə bağlı onlara sual ünvanlayıb.

 

Mark Milley bildirib ki, “top İran ərazisindədir” və İranın davranışları qarşısında ABŞ lazımi reaksiya formasını və həddini müəyyənləşdirəcək.

 

Mark Esper isə qeyd edib ki, noyabr ayında İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazları rəsmi Tehrana qarşı tətbiq edilən təzyiqlərin effektiv olduğunu nümayiş etdirir və bu siyasətə davam etmək lazımdır.

 

Xatırladaq ki, dekabrın 4-də Amerika Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmilərindən biri Con Rood İranın ölkəsinin mənafeyinə qarşı hücum planının olduğu barədə əllərində sübutun olduğunu demişdi.

 

Digər tərəfdən, ötən günlər ərzində Amerikanın Bağdadda mənzinlənmiş hərbi kontingentinin ərazisinə bir neçə dəfə raket atılıb. Amerikalı rəsmilər hücumlara görə İranı günahlandırırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN