Mayk Pompeo ABŞ Dövlət Departamentində İranla bağlı özəl işçi qrupunun yaradılmasından xəbər verib

Mayk Pompeo ABŞ Dövlət Departamentində İranla bağlı özəl işçi qrupunun yaradılmasından xəbər verib

GünAzTV: Amerikanın dövlət katibi Mayk Pompeo avqustun 16-da jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentində İran məsələləri ilə bağlı özəl işçi qrupunun yaradılmasından xəbər verib.

 

İran rejimini uzun illər Amerikaya, onun müttəfiqlərinə və öz xalqına qarşı zorakılıqda günahlandıran Pompeo bildirib ki, İranla bağlı yaradılan özəl işçi qrupuna hazırda Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Huk rəhbərlik edəcək: “Yaradılmış işçi qrupu, Amerikanın İranla bağlı yürütdüyü bütün siyasətinin icrasına tam nəzarət edə, hər şeyi diqqət mərkəzində saxlayacaq”.

 

ABŞ-ın nüvə sazişindən çıxmasına toxunan Pompeo həmçinin deyib ki, Vaşinqton İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq, onun ölkə sərhədlərindən kənarda zorakı rəftarını dəyişməyə məcbur etmək, ölkə daxilində isə öz millətinə qarşı zorakılığa son qoymağa vadar etmək məqsədilə belə bir addımı atıb. Amerikanın İran xalqı ilə həmrəy olduğunu vurğulayan Pompeo, tez bir zamanda yeni bir nüvə sazişinin əldə olunacağına ümidvar olduğunu bəyan edib.

 

Media nümayəndələri ilə keçirilən görüşdə, həmçinin yeni yaradılmış işçi qrupuna rəhbərlik edəcək Brayan Huk jurnalistlərə açıqlamasında Amerikanın İranla bağlı yeni strategiyasından və İranın regionda yürütdüyü dağıdıcı siyasətindən danışıb: “İran hakimiyyəti həmişə bölgədə zorakılığın yayılmasının və sabitliyin pozulmasının əsas amili olub. İran bu rəftarını dəyişməlidir. Əgər onlar müzakirə aparmaq istəsələr, biz buna hazırıq. Bunu Prezident Tramp da açıq şəkildə bəyan edib.

 

Bildiririk ki, Amerika hökumətinin yeni strategiyası İranın bütün təhdidlərinə cavab verəcək. Yenicə yaradılmış işçi qrupu isə bu strategiyanın dəqiq icrasına nəzarət edəcək”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN