Mayk Pompeo: “İran rejimini dəyişmək bizim gündəliyimizdə deyil”

Mayk Pompeo: “İran rejimini dəyişmək bizim gündəliyimizdə deyil”

 GünAzTV: Amerikanın dövlət katibi Mayk Pompeo mayın 24-də Senatda çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən, bölgənin sabitliyinə qarşı yənələn təxribat xarakterli fəaliyyətindən və Vaşinqtonun buna münasibətindən danışıb.

 

Pompeonun açıqlaması, İranın dini lideri axund Əli Xamneyinin Vaşinqtonun İran İslam Respublikasını devirmək niyyətində olması barədə səsləndirdiyi bəyanatından bir gün sonraya təsadüf edib.

 

O bildirib ki, Amerika hökuməti İran rejimini devirmək niyyətində deyil: “İran rejimini dəyişmək, bizim gündəliyimizdə deyil. İrana qarşı yeni sanksiyaların tətbiq olunması istiqamətində aparılan işlər yaxşı qabağa gedir. Ümid edirik ki, BMT və digər ölkələr də Amerikanın İrana qarşı sanksiyalarına dəstək verəcəklər. Hesab edirik ki, İran, Amerikanın irəli sürdüyü 12 tələbini yerinə yetirməli, onun icrasına başlamalıdır”.

 

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo mayın 21-də ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında 12 şərt qoyduğunu açıqlayıb.

 

O bildirib ki, İran, özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

O qeyd edib ki, İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. Həmçinin, İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN