Mayk Pompeo: “İrana göstərəcəyik ki, onun rəftarı ona necə baha başa gələcək”

Mayk Pompeo: “İrana göstərəcəyik ki, onun rəftarı ona necə baha başa gələcək”

GünAzTV: İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Amerikanın dövlət katibi Mayk Pompeo bu ölkədə keçirdiyi rəsmi görüşlərdən sonra jurnalistlərə açıqlamasında İranın qonşularına qarşı təhdid dolu rəftarından və onun körfəzin təhlükəsizliyinə qarşı yönəlmiş təxribat xarakterli əməllərindən danışıb.

 

Pompeonun açıqlaması, İranın bir sıra rəsmilərinin, eləcə də “Sepah” komandirlərinin ölkənin neft ixracatına qadağa qoyulacağı təqdirdə Hörmüz boğazını bağlayacaqları barədə bəyanatlar səsləndirməsindən bir neçə gün sonraya təsadüf edib.

 

İranın bölgədə yürütdüyü xoşagəlməz siyasəti qarşısında Amerikanın regional müttəfiqləri ilə birlikdə Tehrana qarşı planlar hazırladığını bildirən Pompeo deyib ki, Vaşinqtonun İrana qarşı sanksiyalar tətbiq etməkdə məqsədi, İran millətinə yox, hakim ruhanilər rejiminə təzyiq göstərməkdir: “Bu gün, bizim üstündə dayandığımız əsas məsələ, İranın maliyyə qaynaqlarını  məhdudlaşdırmaqdır. Məhz buna görə də, İrana qarşı bir sıra sanksiyalar qoyulması nəzərdə tutulub.

 

Aydın məsələdir ki, sanksiyaların tətbiqində məqsəd, İran millətini ağır şəraitdə saxlamaq deyil. Əsas məqsəd, İran rejimini şeytani əməllərindən və pis rəftarından əl çəkməyə vadar etmək və bunun onun üçün çox baha başa gələcəyini ona qandırmaqdır. İran bilməlidir ki, Amerika regionda dəniz yollarını açıq saxlamaq, neft daşıyan gəmilərin sərbəst hərəkətini və onların təhlükəsizliyini təmin etmək üçün üzərinə öhdəlik götürüb”.

 

Xatırladaq ki, yulun 3-də İsveçrəyə səfər edən İran prezidenti Həsən Ruhani, jurnalistlərə açıqlamasında Vaşinqtonun İran neftinin ixracına qoymağa hazırlaşdığı qadağadan danışıb: “Amerikalılar bildirirlər ki, İran neftinin ixracının qarşısını tamamilə almaq istəyirlər. Onlar bu sözün mənasını anlamırlar. Çünki region nefti ixrac olunduğu bir vaxtda, İran neftinin ixracının qarşısını almağın heç bir məna və anlamı yoxdur. Əgər Vaşinqton dediyini gerçəkləşdirə bilsə, bunun nəticəsini də görəcək”.

 

 

“Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri iyulun 5-də Tehranda qatıldığı bir tədbirdə çıxış edərək, Qərbi, körfəzdəki Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib. O bildirib ki, rəsmi Tehran, düşmənə, o cümlədən də Amerikaya qarşı mübarizədə daha inqilabçı bir mövqedən çıxış etmək qərarına gəlib: “Bölgənin hazırkı mövcud şəraitini nəzərə alaraq, düşmənlərə qandırmaq lazımdır ki, Hörmüz boğazından ya hamı istifadə edəcək, ya da heç kəs”.

 

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN